Müsavat düzgün yol seçib xalqla işləməlidir

Ramiz Alıyev: “Əks halda çox yaxın bir zamanda ətrafındakı 5-10 nəfər də onlardan uzaqlaşacaq”

"Müxalifətin radikal qanadı hər çalışır ki, özünü xarici donorlara, erməni lobbisinin ideologiyasına satsın"

Uzun müddətdən bəri müzakirə mövzusu olan iqtidar-müxalifət dialoqu nəhayət ki, baş tutdu. Ötən həftə sonu əksər müxalifət nümayəndələrinin qatıldığı görüşə gözlənildiyi kimi AXCP və Müsavat qatılmadı. Hətta sözügedən partiyalar bu görüşü kəskin tənqid etməkdən  belə çəkinmədilər. Bəs görəsən AXCP və Müsavatın iqtidar-müxalifət dialoquna olan qıcığı nədən irəli gəlir və bu partiyaların iqtidar-müxalifət görüşünə qatılmamasının səbəbi nədir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün politoloq Ramiz Alıyevə müraciət etdik.

-Ramiz müəllim, bu günlərdə baş tutan iqtidar-müxalifət görüşündə AXCP və Müsavat iştirak etmədi. Bu radikal müxalifətin dialoqdan qaçması anlamını vermirmi?

-Radikal müxalifət xaricdən maliyyələşdiyi və tapşırıqları ordan aldığı üçün təbii ki, belə bir dialoqu dəstəkləməyəcək. Şəxsən mən bu hadisəyə təəccüblənmədim, əksinə əmin idim ki, onlar bu cür addımlara qarşıdırlar. Özləri iştirak etməyəcəklər və iştirak edən müxalifət partiyalarını da qınaq obyektinə çevirəcəklər. Ona görə ki, radikal müxalifəti hazırda Azərbaycan seçiciləri deyil, xarici donorlar ve erməni lobbisi maraqlandırır. Ancaq unudurlar ki, kimliyindən asılı olmayaraq hər bir siyasətçi öz seçicisindən və ölkəsinin vətəndaşından güc almalıdır. Diqqət yetirilsə görərsiniz ki, qonşu dövlətlərin əksəriyyətində müxalifət partiyaları öz seçicisinə necə önəm verir və onlarla mütəmadi görüşlər keçirir, seçicisindən dəstək alır. Bizdə isə müxalifətin radikal qanadı hər vəchlə çalışır ki, özünü xarici donorlara, erməni lobbisinin ideologiyasına satsınlar.

-Bu arada Müsavat Partiyası həftə sonu aksiya keçirdi. Sizcə bu diqqəti Müdavatdaxili problemlərdən yayındırmağa yönəlməyibmi?

-Mən həmin aksiyanı müxalifətin gücünün nə olduğunu aydın göstərən bir güzgü hesab edirəm. Belə ki, bu aksiya (təbii ki, ona aksiya demək mümkün olarsa) müxalifətin daha bir biabırçı işi idi. Onlar nə qədər çalışsalar da partiya daxili işlərini gizlətsinlər, ancaq alınmır və hər kəs məlumatlıdır. Maraqlı məqamlardan biri budur ki, bu radikal müxalifət partiyaları özlərinin 5-10 nəfər partiya üzvlərinin arasında olan problemini həll edə bilmir, ancaq hakimiyətə gəlməyə can atırlar. Görəsən bunlar heç olmasa bir dəfə də olsun oturub real olaraq bugünkü, siyasi gücləri və sosial bazaları haqqında düşünüblərmi?

-İnsan hüquqları adı altında mitinq keçirən Müsavat rəhbərliyinin partiyadakı qanun pozuntularına etiraz edənləri cəzalandırması nə dərəcədə insan hüquqlarına xidmət etməkdir?

Əvvəla insan hüquqlarından o siyasətçi və siyasi partiya danışar ki, insan hüquq və azadlığının nə olduğunu dərk eləsin və onun mənasını bilsin. Cinayətkarı "siyasi dustaq" adlandıran siyasi partiya və nümayəndələrinin yəqin ki, bu anlayişdan xəbərləri yoxdur. Kimisə müdafiə edirsənsə heç olmasa onun əməlləri haqqında ətraflı məlumatın olmalıdır və cinayət məcəlləsinə müraciət edib şəxsin əməllərinə qiymət verməyi bacarmalısan. Onlar belə insan hüquqlarına hörmət edəndirlərsə bir dəfə də bir milyon azərbaycanlının pozulmuş hüquqları, hazırda erməni əsirliyində olan vətəndaşlarımızın haqlarını müdafiə etsinlər.

-Sizcə bundan sonra Müsavatın aqibəti necə olacaq?

-Fikrimcə Müsavat Partiyası və digər radikal siyasi partiyalar düzgün yol seçib xalqla işləməli, seçicilərin etibarını qazanmalıdır. Əks halda çox yaxın bir zamanda ətrafındakı 5-10 nəfər də onlardan uzaqlaşacaq və yalnız partiya sədrlərinin özləri qalacaq. Onlara da belə məqamda xarici dəstəkçiləri o qədər də önəm verməyəcək. Ancaq yaxşı olardı ki, sağlam formada mübarizə aparıb xalqın etibarını qazana, milli vətənpərvərlik təssübkeşliyi ola. Onda müəyyən qədər seçicilərin də bir qismini öz ətrafına çəkə bilərlər. Hakimiyyət də maraqlıdır ki, rəqabətə tab gətirəcək milli müxalifət olsun. İnkişaf etmiş və inkişaf etməkdə olan bütün dövlətlərdə müxalifət iqtidar üçün bir növ güzgü rolunu oynayır və iqtidarın da məsuliyyəti artır. Amma bizdəki radikal müxalifət nümayəndələri kimi xaricin və düşmən ölkələrin xüsusi xidmət orqanlarına kəşfiyyatçılıq etmirlər.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31