AXCP və Müsavatın iqtidarla dialoqdan qaçmasının səbəbi nədir?
Sərdar Cəlaloğlu: “O insanların hələ bu cür görüşlərə çox ciddi diskomfortları var”
12 Dekabr 2014 15:30 MüsahibəDekabrın 13-də iqtidarla bir sıra müxalifət partiyaları liderlərinin görüşünün keçirilməsi nəzərdə tutulub. Belə bir görüşün keçiriləcəyi xəbəri həm hakimiyyət, həm də müxalifət tərəfindən təsdiqlənib. Bəs görəsən bu görüş iqtidar-müxalifət münasibətlərinin normallaşmasına nə dərəcədə təsir göstərəcək və həmin görüşdə tərəflər əsasən hansı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bununla bağlı sözügedən görüşə dəvət almış Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik. ADP sədri "OLAYLAR"-a verdiyi müsahibədə bu görüşü müsbət dəyərləndirib və iqtidar-müxalifət görüşündə müzakirə ediləcək məsələlər barədə məlumat verib.
-Sərdar bəy, dekabrın 13-də bir sıra müxalifət partiyalarının nümayəndələrinin hakimiyyətlə dialoqunun baş tutacağı barədə məlumat yayılıb. Bu nə dərəcədə doğru məlumatdır?
-Doğru məlumatdır və belə bir görüşün keçirilməsi təşəbbüsü 4 partiya tərəfindən irəli sürülüb. Görüş barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova müraciət etmişik. Əli Həsənov da öz növbəsində bu ideyanı müsbət qarşılayıb. Beləliklə, dekabrın 13-də siyasi partiyaların liderlərinin iştirakı ilə belə bir görüş baş tutacaq. Hər iki tərəf bu barədə mətbuata məlumat verib. Prezident Administrasiyası da belə bir görüşün olacağını təsdiqləyib. Hesab edirəm ki, belə bir görüşün baş tutması təqdirəlayiq haldır.
-Bəs görüşdə əsas hansı məsələlər müzakirə ediləcək?
-Biz mətbuata verdiyimiz açıqlamada siyasi məhbus, demokratik islahatlar məsələlərinin müzakirə ediləcəyini bildirmişik. Bunun daha yaxşı detallarını isə KXCP sədri Mirmahmud Mirəlioğlu bilir. Çünki danışıqlar aparmaq üçün bizim tərəfimizdən ona mandat verilib. Təbii ki, belə toplantıda hər iki tərəfin razı olduğu məsələ müzakirə edilir. Biz görüş təklif edərkən hansı məsələlərin müzakirə edilməsinin vacib olduğunu bildirmişik və qarşı tərəf də öz razılığını bildirib. Demək həmin məsələlər ətrafında görüş olacaq. Ancaq görüş zamanı da hər hansı bir məsələ ortaya çıxarsa, həmin məsələnin də müzakirəsi mümkündür.
-Belə görüşlərlə uzun müddət iki düşərgə arasında mövcud olan düşmənçiliyin aradan qaldırılacağına ümid varmı?
-Əslində iqtidar-müxalifət münasibətlərinin düşmənçilik münasibətində olması anormal bir haldır. Bu bir növ demokratiyanın qarşısında duran əngəldir. Siyasi gərginliyin səbəblərindən biridir, milli həmrəyliyə imkan vermir. Azərbaycanda hakimiyyətdə olan və hakimiyyətdən zorla devrildiyini iddia edən qüvvələr var. Bu tərəflərin bizdən fərqli olaraq bir-biri ilə yaxınlaşması çətinlik törədir. Bu da bizimlə həmin qüvvələr arasındakı müxalifətçilik fərqində özündə göstərir. Ona görə də onlar bizi çox vaxt hökumətə yaxın partiya hesab edirlər. Həmin qüvvələr özləri hakimiyyətdə olub devriliblər. Ona görə də onları devirən hakimiyyəti qəbul etməyin psixoloji diskomfortunu yaşayırlar. Diqqət yetirsəniz görərsiniz ki, sabahkı görüşdə Əbülfəz Elçibəy hakimiyyətində təmsil olunmuş adamlardan heç kəs iştirak etmir. Bunun özü də göstərir ki, o insanların hələ bu cür görüşlərə çox ciddi diskomfortları var. Yəqin ki, proseslər normal müstəviyə çıxacağı təqdirdə həmin qüvvələrin də bu prosesə qoşulması məqsədəuyğun olacaq və onlar özləri də bu addımı atacaqlar. Hələlik bu birinci görüşdür və bu görüşdən çox şey asılı olacaq ki, Azərbaycan hansı istiqamətdə inkişaf edəcək.
-Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının bu prosesdən kənarda qalması həmin qüvvələr tərəfindən qıcıqla qarşılanmayacaq?
-Təbii ki, bir müxalifət partiyası və ya müəyyən adamlar bir addım atanda həmin addımlar başqa qüvvələrin marağına təsir etdiyinə görə əks reaksiya vermələri təbiidir. Onlar da elə addımlar atırlar ki, bizdə qıcıq yaradır, narahat edir. Ancaq nəzərə almaq lazımdır ki, partiyalar müstəqildir və hər bir partiya öz fəaliyyətini kimdəsə qıcıq yaradıb-yaratmamasına görə qura bilməz. Hesab edirəm ki, Müsavat Partiyasında belə bir qıcıq olmayacaq. Çünki biz bu görüşlə bağlı onlara məlumat vermişik və onlar da bunun əleyhinə çıxmayıblar. Sadəcə olaraq Müsavat Partiyası bu görüşdə iştirak etmək istəməyib. Milli Şura ilə isə belə bir əlaqəmiz olmayıb. Bu təklif Azərbaycan Demokrat Partiyasının daxil olduğu Mərkəz tərəfindən irəli sürüldüyünə görə, onlarla bu məsələ müzakirə edilməyib. Ancaq bu görüşlər davamlı xarakter alacaqsa onda biz Milli Şuraya daxil olan siyasi partiyalarla da danışıqlar aparıb bunu ümumi iqtidar-müxalifət görüşü müstəvisinə keçirə bilərik.
Süleyman İsmayılbəyli