Siyasi partiyalar bələdiyyə seçkilərinə önəm vermirlər

Tahir Rzayev: “Namizədlərin çox olması seçkilərin gərgin keçəcəyindən xəbər verir

Artıq ölkədə növbəti bələdiyyə seçkilərinin keçirilməsinə saylı günlər qalmaqdadır. Ancaq xarici ölkələrdən fərqli olaraq Azərbaycanda nədənsə bu seçkiyə maraq aşağı səviyyədədir. Bələdiyyə seçkilərinin siyasi aksiya olmasına baxmayaraq siyasi partiyalarda qətiyyən fəallıq müşahidə olunmur. Bələdiyyə seçkilərinə belə münasibət hansı amillərlə bağlıdır? Müsahibimiz Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayevdir.

- Tahir müəllim, qarşıdan gələn 4-cü çağırış bələdiyyə seçkiləri ilə bağlı cəmiyyətdə, siyasi dairələrdə, mətbuatda birmənalı olmayan fikirlər mövcuddur. Bəziləri seçkilərin gözlənildiyindən də aşağı səviyyədə keçəcəyini, daha doğrusu, yüksək fəallıq şəraitində keçməyəcəyini iddia edirlər. Siz bu iddialarla razısınızmı?

- Birmənalı olaraq bildirmək istəyirəm ki, dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinin yüksək fəallıq şəraitində keçməyəcəyi və yerli özünüidarəetmə orqanlarına namizədlərin öz təqdimatını sönük aparmaları barədə söylənilən fikirlər reallığı əks etdirmir. Bunlar əsassız fikirlər, iddialardır. Əlbəttə, ola bilər ki, hansısa siyasi partiya bələdiyyələrə seçilmək üçün namizəd irəli sürməsin və ya təbliğatla ciddi məşğul olmasın. Ancaq üzvü, təmsilçisi olduğum hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hər zaman olduğu kimi, böyük önəm verir və ilk gündən bu sahədə qanunvericiliyə uyğun olaraq xüsusi tədbirlərini ardıcıl olaraq həyata keçirir. Seçki məntəqələrinin seçkilərə hazırlığından tutmuş seçki gününə qədər olan bütün proseslər ölçülüb-biçilmiş və bu gün YAP, onun fəalları öz namizədlərinin konkret təbliğatı-təşviqatı ilə yaxından məşğuldur. Namizədlər də seçicilər arasındadırlar. Partiyanın bir üzvü kimi mən və deputat həmkarlarım bu günlərdə yeddi rayonda olmuşuq. YAP-ın bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş, minlərlə insanlarla görüşmüş, onların təkliflərini, arzu-istəklərini dinləmiş və platformaları ilə tanış olmuşuq. Namizədlərin dünyada baş verən hadisələr, ölkəmizdə həyata keçirilən tədbirlər, partiya quruculuğu sahəsində görülən işlər, bələdiyyələrin hüquq və vəzifələri barədə məlumatlı olmaları göstərir ki, yerli özünüidarəetmə orqanlarına seçiləcək insanlar gələcəkdə bu qurumun fəaliyyətini düzgün istiqamətləndirməyə bacaracaqlar.

- Əvvəlki seçkilərlə müqayisədə bu dəfə hakim partiya namizədlər arasında gənclərə və qadınlara daha çox yer ayırıb. Bunun uğurlu nəticələr verəcəyini düşünürsünüzmü?

- Çox sevindirici və əlamətdar haldır ki, namizədlər, xüsusilə, YAP-ın namizədləri arasında əvvəlki seçkilərdən fərqli olaraq gənclər və qadınlar çoxluq təşkil edir. Gənclərin və qadınların çox olması yaxşı haldır və bunun uğurlu nəticə verəcəyinə də qəti əminəm. Eləcə də namizədlərin keçən seçkilərdən bu dəfə çox olması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Seçkilərə getmək və təbliğatın qurmaq hər bir namizədin və siyasi partiyanın öz işidir. Kim işini düzgün qurub, təbliğatın səmərəli aparırsa, onun seçkilərdə qalib gəlmək şansı daha çoxdur. Yeni Azərbaycan Partiyasından olan namizədlərin bu baxımdan imkanları geniş, şansları yüksəkdir. Və görülən işlərin nəticəsi olaraq, demək olar ki, YAP-dan olan namizədlər seçkilərdə öz qalibiyyətlərini təmin edəcəklər.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31