Əli Kərimli siyasətin xəyanət simvoludur
Niyaməddin Orduxanlı: “O, hər zaman müxalifət düşərgəsinə xəyanət edərək ən ağır zərbə vurub”
2 Dekabr 2014 15:11 Müsahibə"Əli Kərimli İsa Qəmbərin başqanlıqdan getməsindən sonra özünü radikal müxalifətin "vahid lideri" kimi görmək istəyir"
Qurultaydan sonra daxili gərginlik içərisində olan Müsavat Partiyası düşmüş olduğu böhranlı vəziyyətdən yaxa qurtarmamış kütləvi aksiyalar keçirmək niyyətinə düşüb. Partiyanın yaymış olduğu məlumatda bildirilib ki, Müsavat dekabrın 10-da, insan haqları günündə mitinq keçirmək istəyir. Aksiyada müsavatçıların əsas diqqət yetirəcəyi məsələ isə insan hüquq və azadlıqları olacaq. Ancaq Müsavat Partiyasının indiki halda insan hüquq və azadlıqlarından danışması, hətta aksiya keçirmək istəyi bir qədər gülünc doğurur. Çünki qurultayda baş verən pozuntulara etiraz edən müsavatçılara təzyiqlərin edilməsi, onların Müsavatdan uzaqlaşdırılması kimi neqativ halların mövcud olduğu partiyanın insan hüquq və azadlıqlarından danışması anormallıqdır. Bəs görəsən digər siyasilər Müsavat Partiyasının bu addımını necə dəyərləndirir? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə Müsavat Partiyasının mitinq taktikası, bunu doğuran səbəblər, eləcə də bu partiya daxilində baş verən proseslər barədə danışıb.
-Niyaməddin bəy, Müsavat Partiyası dekabrın 10-na mitinq təyin edib. Bir çoxları hesab edir ki, bu mitinq AXCP-nin son aksiyasına bir cavabdır. Çünki həmin aksiyada müsavatçılar o qədər də fəal deyildilər. Siz necə düşünürsünüz?
-Hal-hazırda Müsavat Partiyası ilə Əli Kərimli arasında amansız mübarizə gedir. Bütün baş verən hadisə onu deməyə əsas verir ki, bu nifrətin çox dərin kökləri var. Onlar bir-biriləri ilə amansız savaş aparırlar. Hətta bir-birilərini şou biznes müğənnilərinə oxşadırlar. Demək olar ki, hər iki tərəfin mətbuat orqanı ancaq bir birini aşağılamaqla məşğuldur. Bu dava ona görə aparılır ki, Əli Kərimli İsa Qəmbərin başqanlıqdan getməsindən sonra özünü radikal müxalifətin "vahid lideri" kimi görmək istəyir və bütün cəmiyyətə, beynəlxalq təşkilatlara da bunu "sübut" etmək istəyir. Təbii ki, Əli Kərimlinin bu iddiası ilə müsavatçılar da barışa bilməzdilər. Onlar yaxşı bilirlər ki, Əli Kərimlinin nə cəmiyyətdə tutduğu mövqe , nə də ətrafında olan adamların potensialı buna imkan vermir. Əli Kərimli siyasətin xəyanət simvoludur və hər zaman müxalifət düşərgəsinə xəyanət edərək ən ağır zərbə vurub. Son illərə qədər Əli Kərimli hakimiyyətin tapşırıqları ilə hərəkət edib və hakmiyyət də onun xəyanəti nəticəsində ondan imtina edib. Belə bir adamın radikal müxalifətin lideri kimi görünməsinə heç vaxt müsavatçılar razı olmayacaqlar. Əsas savaş bununla bağlıdır.
-Müsavat Partiyası mitinqi dekabrın 10-na təyin edib. Həmin gün də beynəlxalq insan haqları günüdür. Partiya üzvlərinin haqlarını qorumayıb onları hansısa məsələyə etiraz etdiyinə görə cəzalandıran Müsavat rəhbərliyinin həmin tarixə mitinq təşkil etməsi nə dərəcədə məntiqlidir?
-İstənilən siyasi təşkilatın Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Və neçə ki, bu baş verir. Bu gün Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı heç bir problem mövcud deyil. Bir daha deyirəm ki, aksiyanın əsas səbəbkarı Əli Kərimlidir.
-Ola bilərmi ki, Müsavat rəhbərliyi mitinq şousu ilə diqqəti partiya daxilində baş verənlərdən yayındırmağa çalışır?
-Müsavat daxilində narazılıq o həddə gəlib çatıb ki, artıq qirmızı xətti keçən şəxslər partyanın qərarı ilə partiya siralarından xaric edilir. Bu da bu günün reallığıdır. Son qurultaylarından sonra xeyli sayda insanlar partiyadan istefa veriblər və bu istefaların yenə də olması gözlənilir.
-Müsavat daxilində baş verənlərin sonunu necə görürsünüz? Yeni bir Müsavat yaranacaqmı?
-Artıq partiyanı İsa Qəmbərlə yanaşı quran adamlar partiyadan istefa verirlər. Qubad İbadoğlunun da mövqeyindən görünür ki, o və onun ətrafında olan şəxslər Arif Hacılını başqan kimi qəbul etmirlər. Odur ki, partiyadan kütləvi şəkildə ayrılıb yeni bir partiya qurulması gözləniləndir.
Süleyman İsmayılbəyli