Diaspor təşkilatlarının fəaliyyəti daha aktiv ola bilər-İsmayıl Ağakişiyev

“Diasporanın fəaliyyətini gücləndirmək üçün potensial çox böyükdür”

Müsahibimiz Cənub-Şərq Politoloji Mərkəzin təsisçisi İsmayıl Ağakişiyevdir.

- İsmayıl müəllim, Rusiyadakı Azərbaycan diaspor təşkilatının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın ən böyük diaspor təşkilatı Rusiyadadır. Çünki   əksər soydaşlarımızın Azərbaycandan kənarda yaşadıqları ölkə Rusiyadır. Demək olar ki, bu diaspor təşkilatında hər bir azərbaycanlının müəyyən fəaliyyəti var. Lakin bu o anlama gəlməməlidir ki, soydaşlarımız  hansısa bir qurumda cəmləşiblər və onların fəaliyyəti bu qurum çərçivəsindən kənarda deyil. Onu da qeyd edim ki, diasporanın fəaliyyətini daha da gücləndirmək məqsədilə əsasən iki istiqamətdə iş gedir. Yəni, qurumun rəhbərliyi öz üzərinə düşən  vəzifəni yerinə yetirir, digər tərəfdən, hər bir azərbaycanlı da çalışır ki, onun fəaliyyətindən həm özü, həm yaşadığı ölkə, həm də bütövlükdə  Azərbaycan faydalansın. Məlumdur ki, Rusiyada xeyli sayda  ziyalı və iş adamlarımız var. Sözün həqiqi mənasında onlar diasporanın inkişafı   üçün çox müsbət iş görürlər. Əlbəttə istərdik ki, bu işlər daha fəal, daha səmərəli olsun. Çünki bu fəallıq istəklə real iş arasındakı fərqin azalmasına gətirib şıxarar. Lakin hesab edirəm ki, bunun üçün müəyyən zamana ehtiyac var.
 

- Demək istəyirsiniz hələ diasporamız kifayət qədər formalaşa bilməyib?

-Bizim digər xalqların diasporalarından fərqimiz ondan ibarətdir ki, Azərbaycan xalqı oturaq həyat tərzinə üstünlük verib. Nəticədə Azərbaycandan başqa ölkələrə elə də çox  insan getməyib. Əgər digər xalqlar 17- 18-ci əsrdən Rusiyada yaşayırsa, orada kök salıblarsa, bizim ora gedən soydaşlarımız tələbələr, yaxud elm, dövlət, sənət adamları olub. Bu baxımdan diasporanın daha geniş spektri əhatə etməsi, daha güclü olması üçün müəyyən zamana ehtiyac var.  Mənə elə gəlir ki, bu vaxt əsrlərlə deyil, yaxın müddətdə, ən geci ikinci-üçüncü nəsildə özünü büruzə verəcək və bizim mövqeyimiz daha da güclənəcək. Yəni Rusiyada yaşayan soydaşlarımız orada doğulub-böyüyəcək, təhsil alacaq. Onlar Rusiyanın bütün ictimai həyatında yer tutduğundan, rus xalqı tərəfindən artıq gəlmə  deyil, özününkü kimi qəbul olunduqdan sonra  onların fəaliyyəti üçün daha  yaxşı şərait olacaq.

- Rusiyadakı Azərbaycan diasporunun bu ölkənin ictimai-siyası həyatındakı rolunu necə dəyərləndirirsiniz?

- Bütün hallarda gəmidə gəmiçi ilə münasibətlərin yüksək cəviyyədə olması vacib şərtdir. Bu prinsip nəzərə alınaraq diasporamız  Rusiyadakı prezident seşkilərindən də əvvəl çox fəal oldu və hazırkı prezidenti müdafiə etdi. Mənə elə gəlir ki, bu düzgün bir haldır, ona görə ki, bizim böyük əksəriyyətimimz orada qonağıq, qonaq da ki, ölkədə yaşanan ab-havaya, siyasi proseslərə hörmətlə yanaşmalıdır. Düşünürəm ki, ölkənin stabilliyi orada yaşayan hər bir azərbaycanlı üçün vacibdir. Bundan istifadə edərək Azərbaycan üçün vacib olan məsələlərin qaldırılması, onların həyata keçirilməsi üçün diaspora Rusiyadakı səfirliyimizin rəhbərliyi ilə birgə əlindən gələni edir.

- Rusiyadakı Azərbaycan diasporu hansı problemləri yaşayır, onun daha da güclənməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- Nəinki Rusiyada, eləsə də bütün dünyada  ən böyük problemimiz ondan ibarətdir ki, bizdə diaspora hərəkatı əvvəldən olmadığı üçün, bu hərəkatın kökü əsrlərə getmədiyi üçün  hələ ki, diaspor ənənəsi formalaşmayıb. Bizim diaspor təşkilatlarımız təzə yaranır və əlbəttə bu zaman əsas məsələlərdən biri də mütəşəkillikdir. Digər tərəfdən, hər bir azərbaycanlı  hansı ölkədə yaşamasından asılı olmayaraq birinci növbədə doğma vətənə- Azərbaycana doğru istiqamətlənib. Yəni onun ayaq  yarımı Azərbaycandadır. Amma başqa xalqlar ölkələrin mərkəzində ev alır, orada yaşamağa çalışırlar. Burada məqsəd həmin ölkədə oturuşmaqdır. Bu psixoloji məsələ həll olunana qədər müəyyən çətinliklər olacaq. Əlbəttə soydaşlarımız Azərbaycana gəlməli-getməlidirlər. Lakin əsasən çalışmalıdırlar ki, yaşadıqları ölkədə iki ayaq üstə dayana bilsinlər, orada kök salsınlar. Mən hələ tələbə olarkən mərhum prezidentimiz Heydər Əliyev deyirdi ki "oxuyun, ancaq geriyə qayıtmayın". Biz gənclər onda fikirləşirdik ki, necə geriyə qayıtmayaq, validеynlərimiz, bütün qohumlarımız Azərbaycandadır. Ancaq indı xaricdə yaşayandan sonra bu sözlərin mənasını anlayırıq. Başa düşürük ki, bizim hər birimiz yaşadığımız ölkədə nə qədər mövqe tuta bilsək, fərdlərin cəmində diasporamız o qədər güclü olar, bir o qədər olkəmizə, xalqımıza yararlı ola bilərik.
- Xaricdə yaşayan soydaşlarımızın diaspora təşkilatlarında fəaliyyətini qənaətbəxş hesab etmək olar?
- Əgır fikirləşirik ki, bu nizamlı bir təşkilatdır və bütün soydaşlarımızı əhatə edir, xaricdə yaşayan bütün  azərbaycanlılar bir-biri ilə möhkəm əlaqədədir, bu düzgün olmazdı. Amma bütün hallarda Azərbaycanla bağlı milli problemlər bütün azərbaycanlıları maraqlandırır və əllərindən gələni edirlər. Bununla yana.ı soydaşlarımızda müəyyən qədər ətalət var. Qeyd edim ki, bu gün diaspora fəaliyyəti daha aktiv ola bilər və hər şey bu istiqamətdə gedir. Ümumilikdə demək olar ki, bu gün diasporamızın fəaliyyəti heç də zəif deyil. Əksinə, bu fəaliyyət günü-gündən güclənir. Düşünürəm ki, diasporanın fəaliyyətini gücləndirmək üçün potensial çox böyükdür və bu potensialdan faydalanmaq lazımdır. Əgər düşünülürsə, bütün azərilərin ayağa qalxmamasında günah diaspor qurumundadır, onun zəif işləməsindədir, əlbəttə bu yanlış fikirdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bizdə hələ də xanlıq psixologiyası qalmaqdadır. Hərə beş-altı təşkilat yaratmaq, hamı o təşkilatlarda rəhbər olmaq istəyir. Ümumi prinspial məsələlərdə həmin təşkilatların birləşməsi mümkün olur, amma orta, kiçik məsələlərdə hərə öz istədiyi yolla getməyə çalışır. Bütün bunlara baxmayaraq, düşünürəm ki, biz nəinki Rusiyada, həmçinin başqa ölkələrdədə bu fəaliyyəti artırmalı, birlikdə çalışmalıyıq.
 

- Rusiyadakı diasporamızın digər olkələrdəki təşkilatlarla əlaqəsi hansı səviyyədədir?

- Son zamanlar diaspora təşkilatları arasındakı əlaqələrə xüsusu önəm verilir. Bu yaxınlarda Türkiyədə bir tədbir keçirildi və həmin tədbirdə Rusiyadakı Azərbaycan diasporasının fəaliyyəti müzakirə olunub. Çalışırıq ki, Ukrayna və digər ölkələrdəki diasporamızla əlaqələrimiz daha da genişlənsin. Mənə elə gəlir ki, bu sahədə böyük işlər görülüb və indi də davam etdirilir. Bu istiqamətdə görüləsi işlər  çoxdur, biz də bu işlərdə əlimizdən gələn yardımı etməyə hazırıq.
     Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31