“Müsavatdakı problemlərin həlli konsensus və dialoq yoludur”

Tural Abbaslı: “Narazı olan hər kəslə görüşülməli, onların fikirləri öyrənilməli və qarşılıqlı kompromislərlə bu problemlər birdəfəlik aradan qaldırılmalıdır”

"Yeni rəhbərin partiyanı idarə formasını bəyənmirik"

Uzun müddət təxirə salınan və nəticədə keçirilməsi mümkün olan qurultay Müsavat Partiyası üçün heç də uğurlu olmadı. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi partiyaya yeni başqanın seçilməsi Müsavat daxilində ciddi ziddiyyətlər və problemlərə yol açdı. Əksəriyyət partiya üzvlərinin yeni seçilmiş başqan Arif Hacılının idarəçilik sistemini qəbul etməməsi Müsavat Partiyasının parçalanmasını qaçılmaz edib. Hazırda partiya daxilində yeni rəhbərliyin idarəçiliyini qəbul etməyənlərdən ibarət fraksiya formalaşır ki, həmin fraksiyada qurultayda Müsavat başqanına namizəd olan Tural Abbaslının da yer alacağı bildirilir. "OLAYLAR"-a verdiyi müsahibədə Tural Abbaslı təmsil etdiyi partiyada qurultaydan sonra baş verən proseslər, buna səbəb olan amillər barədə danışıb. Tural Abbaslı Müsavat Partiyasında baş verən daxili gərginliyin aradan qaldırılmasının yollarına da toxunub. Keçmiş başqanlığa namizəd partiyadaxili gərginliyin aradan qaldırılması yollarından da söhbət açıb. Tural Abbaslı bildirib ki, partiyadaxili ziddiyyətlər konsensus və dialoq yolu ilə aradan qaldırılmalıdır.

-Tural bəy, qurultaydan sonra Müsavat Partiyasında cərəyan edən prosesləri partiyanın üzvü olaraq necə dəyərləndirirsiniz?

-Müsavat Partiyasında baş verən hadisələr qurultay sonrası gözlənilən idi. İsa Qəmbərin uzun illər partiya rəhbərliyindən sonra istənilən namizədin seçilməsindən asılı olmayaraq belə hadisələrin olacağı ehtimalı var idi. Bu gün əsas məsələ bu problemlərdən uğurlu çıxış yolunu tapmaqdır.

-Ümumrespublika müşavirəsinin Müsavat Partiyasında mövcud olan daxili problemi aradan qaldıracağı söylənilirdi. Siz konkret olaraq Müsavatdaxili problemin aradan qaldırılması üçün nə təklif edərdiniz?

-Partiyadakı hazırkı problemlərin həllinin yolu məlumdur. Hesab edirəm ki, bu yol konsensus və dialoq yoludur. Düşünürəm ki, narazı olan hər kəslə görüşülməli, onların fikirləri öyrənilməli və qarşılıqlı kompromislərlə bu problemlər birdəfəlik aradan qaldırılmalıdır.

-Bir müddət əvvəl partiya daxilində fraksiyanın yaranacağı bildirilirdi və sizin də həmin fraksiyada təmsil olunacağı söylənilirdi. Müsavat Partiyasında fraksiyanın yaradılması istiqamətdə işlər hansı mərhələdədir?

-Partiyada fraksiyanın yaradılması ilə bağlı İşçi Qrupunun işi davam edir. Fraksiya yaradılmasında məqsəd partiya daxili demokratiyanın yaradılması və hər kəsin qurultayda tutduğu mövqeyindən asılı olmayaraq partiyadakı fəaliyyətinə normal şəraitin yaradılması, alternativ fikrin təqib olunması və s.dir. Əgər bu məsələləri hazırkı rəhbərlik özü həll edərsə təbii ki, fraksiyaya ehtiyac qalmaz.

-Nədən Arif Hacılının başqanlığı əksər müsavatçılar tərəfindən qəbul edilmir?

-Şəxsən mən və tərəfdarlarım partiyanın qurultayında keçirilən seçkiləri və bu seçkinin nəticələrini qəbul edirik. Yəni biz Arif Hacılının legitimliyini şübhə altına almırıq. Sadəcə olaraq Qurultaydan sonra yeni rəhbərin partiyanı idarə formasını bəyənmir və dəstəkləmirik.

-Ümumiyyətlə, bu proseslər Müsavat Partiyasını hara aparır?

-Partiyada cərəyan edən  proseslərin Müsavatı hara apardığına gəldikdə deyə bilərəm ki, lazım olan doğru addımlar atılsa bu partiyanın daha da güclənməsinə və Azərbaycanda yeni demokratik nümunə yaranmasına səbəb ola bilər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31