“Ermənistan kimi qonşusu olan dövlətin ordusu ayıq-sayıq olmalıdır”

Billur Hümbətov: “20 ildir ki, dünya düzənini dəyişməyə qadir ölkələr Azərbaycan dövlətinin sərvətlərindən bəhrələnirlər”

"Lakin işğal olunmuş torpaqlarımızın geri qaytarılmasi üçün bir əməli işləri görünmur"

Adətən bu və ya digər seçki öncəsi aktivləşən müxalifət partiyalarında artıq bu tendensiya da müşahidə edilmir. Bələdiyyə seçkilərinə az bir müddət qalmasına baxmayaraq ölkədə fəaliyyət göstərən müxalifət partiyalarının böyük əksəriyyəti bu seçkidən kənarda qalmağa üstünlük verib. Bu göstərici də öz-özlüyündə müxalifət düşərgəsində durumun o qədər də ürəkaçan olmadığı qənaətini yaradır? Bəs görəsən müxalifət daxilind mövcud olan böhranlı vəziyyətin başlıca səbəbi nədir və bu durumdan necə çıxmaq olar? Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətovla söhbətimizdə müxalifət düşərgəsindəki vəziyyətə aydınlıq gətirdik. VİP rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə son günlər cəbhə xəttində müşahidə edilən erməni təxribatı, Azərbaycan Silahlı Qüvvələrinin bu təxribata qarşı layiqli cavabı, eləcə də beynəlxalq təşkilatların bu proseslərə yanaşma tərzinə də münasibət bildirib.

-Billur bəy, hazırda Azərbaycan müxalifətinin durumunu necə dəyərləndirirsiniz və bundan çıxış yolu olaraq Vətəndaş və İnkişaf Partiyası nəyi təklif edərdi?

-Hal-hazırda müxalifətin durumunu qənaətbəxş hesab etmək mümkün deyil. Cünki müxalifət təşkilatlarının bir-birinə münasibəti demək olar ki, qeyri-səmimidir. Bu tip təşkilatların maliyyə imkanları sıfır həddindədir. Vəziyyətın dəyişməsinin əsas yolunu hakimiyyətin bu təşkilatlara münasibətinin dəyişməsində görürəm.

-Görünən odur ki, partiyanız bələdiyyə seçkilərində iştirak etməyəcək. Bəs partiya olaraq gələn il keçiriləcək parlament seçkilərində iştiraka maraqlısınızmı?

-Bələdiyyə seçkilərində partiya olaraq iştirak etməsək də, üzvlərimizə sərbəstlik vermişik. Seçkilərdə iştirak etmək imkanı olanlar bu prosesə qatıla bilərlər. Eyni zamanda partiya olaraq gələn il keçiriləcək parlament seçkisində iştirakımız da gözlənilir. Siyasi təşkilatlar seçkilərdə iştirak üçün yaranıb və biz də bir təşkilat olaraq hər bir seçkidə iştirakda maraqlıyıq.  Çox təəssüflər olsun ki, həm bələdiyyələrin statusu, həm də yerli icra qurumları rəhbərlərinin bu seçkilərə müdaxiləsi bələdiyyələrdə iştirakı maraqsız edir.

-Müntəzəm olaraq Vətəndaş və İnkişaf Partiyası yeni birlik təşəbbüsləri ilə çıxış edir. Parlament seçkiləri ərəfəsində belə bir təşəbbüs gündəmə gələ bilərmi?

-Vətəndaş və İnkişaf Partiyası hər zaman müxalifət təşkilatların bir araya gəlməsində maraqlı olub və bu yöndə mümkün addımlarını atıb. Çox təəssüflər olsun ki, bəzi siyasi təşkilatların rəhbərlərinin ambisiyaları müxalifətin bir arada olmasına mane olub. Yəqin ki 2015-ci il seçkilərində də belə olacaq. Səmimi, bərabərhüquqlu prinsipə uyğun şəkildə bizimlə bir arada olmaq istəyən təşkilatlarla və yaxud təşkilatla parlament seçkilərində birgə iştirakımız mümkündür. Bu mümkün olmayacaqsa tək şəkildə seçkilərdə iştirak edəcəyik.

-Son günlər cəbhə xəttində baş verənlər və erməni helikopterinin vurulması insanlar arasında vətənpərvərlik ruhunun artmasına nə dərəcədə təsir göstərdi?

-Cəbhə xəttində baş verənlər və ordumuzun vəziyyəti barədə yetərli məlumatım yoxdur. Yalnız kütləvi informasiya vasitələrindən əldə etdiyim məlumatlardır. Əlbəttə arzu edərdim ki, ordumuz günü-gündən güclənsin və nəinki bir erməni helikopterini, bütün Ermənistanı darmadağın etsin. Nəticə etibarilə işğal olunmuş torpaqlarımızı təçavüzkarlardan azad etsin. Ermənistan kimi qonşusu olan dövlətin ordusu ayıq-sayıq olmalı və vətəndaşları vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

-Bu hadisəyə qarşılıq olaraq beynəlxalq təşkilatların Azərbaycanı qınamasını nə dərəcədə normal saymaq olar?

-O ki qaldı dünyanın buna münasibətinə mənə elə gəlir ki, artıq o haqda fikirləşməyə dəyməz. Oz ərazi bütövlüyünü təmin etmək hər bir dövlətin hüququdur. 20 ildir ki dünya düzənini dəyişməyə qadir ölkələr Azərbaycan dövlətinin sərvətlərindən bəhrələnirlər, lakin işğal olunmuş torpaqlarımızın geri qaytarılmasi üçün bir əməli işləri görünmur. Heç olmasa bizə mane də olmamalıdırlar.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31