Müsavat Partiyasının atdığı addımlar başadüşülən deyil - Əli Əliyev - MÜSAHİBƏ

“Biz maraqlıyıq ki, müxalifətin geniş spektrdə birliyi formalaşsın və bu siyasi bir birlik olsun”

"Hamının maraqlarına xidmət edən bir neçə məsələ var"

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "OLAYLAR"-a müsahibəsi

-Əli bəy, bu günlərdə AMİP və Demokratik Bozqurd Partiyasının təşəbbüsü ilə keçirilən müxalifət partiyalarının görüşünə VİP-in qatılmamasının səbəbi nədir? Yeni yaranmış əməkdaşlıq formatında təmsil olunmaq üçün təmsil olunmaq üçün partiya olaraq sizə müraciət edilibmi?

-Vətəndaş və İnkişaf Partiyası texniki problemlər səbəbindən həmin görüşə qatılmayıb. Həmin formatda keçirilən ikinci görüşə VİP-də dəvət edilmişdi. Partiya sədri olaraq hələlik həmin formatda keçirilən görüşdə iştirak etmək niyyətində deyiləm. Həmin müzakirələrdə partiyanın siyasi məsələlər üzrə müavini Nazim Məmmədov iştirak edəcək. Lakin texniki məsələlərdən dolayı o da ikinci dəfə keçirilən görüşdə iştirak edə bilməyib. Bu günlərdə Demokratik Bozqurd Partiyasının sədri Şakir bəylə görüşümüz olub. Ətraflı söhbət edərək mövcud vəziyyəti dəyərləndirmişik. Əgər hiss etsək ki, həmin təşkilat səmimi şəkildə yaranır, heç kimin sualtı axınlarına xidmət etmir, əsas diqqət ölkədə siyasi situasiyanın dəyişməsinə yetirilir, o halda biz də Vətəndaş və İnkişaf Partiyası olaraq bu prosesdə yaxından iştirak edəcəyik. Ona görə də ilkin mərhələlərdə keçirilən görüşlərə mən qatılmayacam. Əldə etdiyimiz razılaşmaya görə, VİP-i növbəti görüşlərdə Nazim Məmmədov təmsil edəcək. Partiya olaraq çalışacağıq ki, keçən iki ildə elan etdiyi xətti davam etdirsin. Biz VİP olaraq müxalifətin bir araya gəlməsi, ölkədə ikiqütblü siyasi müstəvinin formalaşmasının tərəfdarı kimi çıxış etmişik. Bundan sonra da həm əməllərimiz, həm də hərəkətlərimizdə onu təsdiq etməyə çalışacağıq. Biz maraqlıyıq ki, müxalifətin geniş spektrdə birliyi formalaşsın və bu siyasi bir birlik olsun.

-İlkin müşahidələriniz nədən ibarətdir. Sizcə Demokratik Qüvvələrin Məşvərət Məclisi perspektivli bir müxalifət qurumuna çevrilə biləcəkmi?

-İndidən bu barədə bir söz deyə bilmərəm. Çünki hələlik həmin tədbirin iştirakçısı olmamışıq və məlumatlarımız da qiyabidir. Bundan sonra orada nümayəndəmiz olduqdan və müzakirələrdə aktiv iştirak etdikdən sonra konkret fikir bildirə bilərik. Yaşıllar Partiyasının sədri Mais Güləliyev bizim tərəf müqabilimiz olaraq ikinci görüşdə iştirak edib. Onun müəyyən təklifləri olub. Həmin birlik mətbuata və ölkə ictimaiyyətinə elan edilsə də, lakin hüquqi baxımdan hələlik formalaşmayıb. Yaşıllar Partiyasının sədri Mais Güləliyevin təklifi olub ki, birliyin əsasnaməsi olmalı və bizim münasibətlərimiz həmin əsasnaməyə uyğun olaraq tənzimlənməlidir. Əldə etdiyim məlumata görə, artıq əsasnamənin layihəsi hazılanır. Yəqin ki, əsasnamə bizə də göndəriləcək  və biz də əsasnaməyə dair öz təkliflərimizi təqdim edəcəyik. Əsasnamə formalaşandan sonra təşkilatın mövcudluğu haqqında danışmaq olar. Həmin əsasnamədən də irəli gələrək münasibətlər tənzimlənəcək və bundan sonra təşkilat haqqında fikir bildirmək olacaq. Hələlik onun müsbət və mənfi cəhətləri barədə münasibət bildirmək tezdir. Ancaq strategiya, tendensiya bizim istədiyimiz kimidir. Biz istəyirik ki, müxalifətin geniş spektrdə əməkdaşlıq mərkəzi formalaşsın. Hamının maraqlarına xidmət edən bir neçə məsələ var ki, həmin məsələ ətrafında birlik əldə edilə bilər. Biz istəyirik Seçki Məcəlləsinin dəyişdirilməsi istiqamətində fəaliyyət olsun, azadlıqların təminatı sahəsində partiyalar əməkdaşlıq etsin, onların fəaliyyətləri koordinasiya olunsun. Bu bizim əməkdaşlığımızın birinci mərhələsidir. Əgər biz bu vəzifələrin öhdəsindən gələ bilsək gələcəkdə seçkilərə yönəlik daha konkret, məqsədli, sistemli addımlar ata bilərik.

-Müsavat Partiyasının hər iki görüşə qatılmaması belə bir fikir formalaşdırıb ki, adıçəkilən partiya müxalifətin birliyinə maraqlı olmadığını bir daha təsdiqləmiş olub. Sizcə bu yanaşma nə dərəcədə doğrudur?

-Bu barədə bir söz deyə bilmərəm. Çünki bir az konkretliyin tərəfdarı deyiləm. Müsavat Partiyası Azərbaycanın siyasi həyatında yeri və təsir imkanları olan bir partiyadır. Ancaq xeyli müddətdir ki, Müsavat Partiyasının qəbul etdiyi qərarlar, atdığı addımlar mənim tərəfimdən başa düşülmür. İnanmaq istəyirəm ki, Müsavat Partiyası müxalifətin geniş tərkibli əməkdaşlığına maraqlıdır. Müsavat Partiyasının da orada iştirakı məqsədəuyğun olardı. Ancaq hesab edirəm ki, hələlik həmin partiyaya təzyiq etməyi azaltmaq lazımdır. Həm də çalışmaq lazımdır ki, partiya ictimai rəyi, tələbatı hiss edə bilsin.

-VİP-in yubiley tədbirində müxalifətə yeni əməkdaşlıq formatı barədə təklif verəcəyinizi bildirmişdiniz. Həmin təkliflər gündəmdə qalır, yoxsa Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması ilə buna ehtiyac qalmadı?

-Əslində seçki ilə bağlı məsələ qaldıran, mövqe bildirən bütün tərəflərin təklifləri içərisində bizim təklifimiz də vardı. Sırf bizim təşəbbüskar olmağıımızın elə bir əhəmiyyəti yoxdur. DBP rəhbərliyi ilə görüş zamanı anladım ki, yeni formatın təşəbbüskarlarının Seçki Məcəlləsinə dəyişiklik istiqamətində müxalifətin koordinasiyasını nəzərdə tutan fikirləri var. Təşəbbüskarın kimin olmasından asılı olmayaraq bizə situasiyanı dəyişmək lazımdır. Təki mahiyyət eribarilə proses istədiyimiz istiqamətə yönəlsin.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31