Ermənistan əhalisi ölkəni sürətlə tərk edir

Məlahət İbrahimqızı: “Buna səbəb işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır”

Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır

- Məlahət xanım, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin mövcud durumunu necə qiymətləndirirsiniz?

- Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi hələ də sülh yolu ilə həllini tapa bilmir. Bu münaqişənin həllinə nail olmaq üçün göstərilən səylər, təəssüf ki, hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfi münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkəmizdən fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə münasibətdə nümayiş etdirdiyi mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinin gözündə sülhə tərəfdar ölkə kimi də görünməyə çalışır. Buna görə də, işğalçı ölkə rəhbərliyi istəməsə belə, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etməli olur. Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya prezidentinin təşəbbüsü və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət başçıları, həmçinin xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Prezidentlər arasında son görüş Fransa prezidentinin təşəbbüsü ilə baş tutub. Bütün cəmiyyətimizi düşündürən budur ki, keçirilən bu görüş işğala son qoymaq üçün irəliyə doğru addım ola bilərmi? Bəzi şəxslər deyirlər ki, danışıqlar aparılmasın, başqa format müəyyənləşsin, müharibə başlasın və s. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Tarixən bütün müharibələr sülh ilə nəticələnib. Təbii ki, torpaqlarımızı işğal edən, insanlarımıza qarşı qətliamlar törədən bir ölkənin rəhbəri ilə üzbəüz oturmaq xoş deyil. Amma sülh naminə belə görüşlər lazımdır. Prezident İlham Əliyev dəfələrlə yüksək tribunalardan indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. Bu, çox cəsarətli mövqedir. Hesab edirəm ki, son vaxtlar keçirilən görüşlər, danışıqlar prosesinin intensivləşməsi gələcək qələbənin açarının əldə olunmasına aparan yoldur. Doğrudur, Paris görüşünün detalları açıqlanmasa da, mesajlardan hiss olunur ki, danışıqlarda üstünlük Azərbaycanın tərəfində olub. Onsuz da bu məsələdə haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da ölkəmizin mövqeyini müdafiə edir.

- Əksər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal olunması faktını öz sənədlərində təsdiq edib. Ancaq nədənsə, prinspial məqamlarda həmin dövlətlər ortaq mövqe nümayiş etdirirlər. Sizcə, bunun kökündə hansı amillər durur?

- Atəşkəsin imzalanmasından keçən 20 il ərzində danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasını tələb edilib. Lakin göründüyü kimi, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı indiyədək yalnız imitasiya xarakteri daşıyıb. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil. Onu da vurğulayaq ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribatlarla bir daha təsdiq olundu. İşğalçı Ermənistanı dünyada müdafiə edən qüvvələr münaqişənin həllinə maraqlı deyil və status-kvonun qorunub-saxlanmasına çalışırlar. Hətta, Azərbaycanı dəfələrlə təxribata çəkmək istəyiblər. Amma dövlətimizin səbir və təmkin nümayiş etdirməsi işğalçı tərəfin məqsədinə çatmasına imkan verməyib. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin tədbirlərdə Azərbaycan və Türkiyə nümayəndələri iştirak etdiyi zaman qorxularından çıxış edə bilməyiblər. Çünki haqq-ədalət onların tərəfində deyil. Amma bizim nümayəndələr tədbir keçirilən zalda olmayanda onlar əleyhimizə böhtan, yalan dolu çıxışlar ediblər. Bu da onların qorxaqlığını və riyakarlığını sübut edir.

- Yeri gəlmişkən, heç kimə sirr deyil ki, Ermənistan sosial-iqtisadi baxımdan böhran vəziyyətindədir. Necə düşünürsünüz, bu amil işğalçı tərəfi nə dərəcədə sülhə məcbur edə bilər?

- Ermənistanda əhali ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti isə bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. Amma işğalçı Ermənistanı himayə edən xarici qüvvənin də vəziyyəti yaxşı deyil. Ona görə də, Sarkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq. Qeyd edim ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki inkişaf, Azərbaycanın müəyyən layihələr həyata keçirməklə qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin üstünlüyünü artırır. Yenə də mətbuata açıqlamamda bildirdiyim kimi, prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb: "Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir". Reallıq Azərbaycan dövlətinin inkişafının dinamik xarakter aldığını göstərir. Təbii ki, bu inkişaf bütün məsələlərdə ölkəmizin mövqeyini gücləndirir. Bu prosesdə ordu quruculuğu da xüsusi yer tutur. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycanın artan gücü fonunda Ermənistan zəifləyir. Acınacaqlı vəziyyətdə olan dövlət isə gec-tez diz çökməyə məhkumdur. Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq, Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistanı sosial-iqtisadi böhranla üzləşməsinə səbəb olub.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31