Tbilisidə görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabların təqdimatı keçirilib - FOTO
12 Noyabr 2023 18:01 MədəniyyətTbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 10 noyabr 2023-cü il tarixində Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının "Salam Məşədi" və "Son nöqtədən sonra..." adlı kitablarının təqdimat mərasimi keçirildi.
Gülhüseyn Kazımlı bildirdi ki, "Salam Məşədi" kitabı ömrünün böyük hissəsini Türkiyədə keçirmiş görkəmli xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev haqqındadır. "Salam Məşədi" adlı birinci kitabda ömrünün 33 ilini İstanbulda keçirmiş xanəndənin ömür yolundan bəhs edilir, onun Türkiyədəki həyatı barədə əldə olunmuş yeni arxiv materialları haqqında söhbət gedir.
Sonra müəllifin lap yeni çapdan çıxmış "Son nöqtədən sonra" kitabı da təqdim olundu. Bu kitab əslində "Salam Məşədi" kitabının ardı kimi nəzərdə tutulub. Məşədi Məhəmməd Fərzəliyev 1929-cu ildən 1962-ci ilə gədər İstanbulda yaşayıb və orada vəfat edib. Bu yay müəllif Gülhüseyn Kazımlı araşdırmaçı jurnalistlər Dilgəm Əhməd və Hafiz Əhmədovun birgə səyi nəticəsində 62 ildən sonra Məşədi Məhəmməd Fərzəliyevin özünün və həyat yoldaşı Hədicə Xanımın Feriköydəki məzarlıqdakı məzar yerləri, oğlu Mahmudun və nəvəsi Çingizin məzarları aşkar edilmişdir ki, bu kitabda məzarların axtarışı prosesinə həsr olunub.
Tədbirdə muzeyin rəhbərliyi və əməkdaşları, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.
Kitablar muzeyin kitabxanasına hədiyyə olundu. Mədəniyyət ocağının direktoru, Azərbaycan və Gürcüstanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dəyərli hədiyyələrə görə təşəkkürünü bildirib, kitabların oxucular və araşdırmaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə etdi.
Cəmilə Babayeva
Araşdırmaçı jurnalist
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun