AzTV Üzeyir Hacıbəyli barədə film çəkdi – Bəstəkar 18 il niyə heç nə yazmayıb? - FOTO

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş bədii-sənədli filmin təqdimat mərasimini keçirib.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, premyerası Azərbaycan Dövlət Film Fondunda keçirilmiş film-tamaşa "Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" adlanır.

Təqdimat mərasimində filmin yaradıcı heyəti, QSC rəsmiləri, media mənsubları və digər qonaqlar iştirak ediblər.

QSC-nin "Sabah" Yaradıcılıq Studiyasında hazırlanan "Yad et məni" bədii-sənədli filmlər silsiləsindən olan bu filmdə Üzeyir Hacıbəyli ilə bağlı uzun illər gizli qalmış faktlar açıqlanır, onun həyatı ilə bağlı maraqlı məqamlar üzə çıxarılır, bəstəkarın 18 il heç nə qələmə almamasının əsl səbəbləri işıqlandırılır.

Filmin yaradıcı heyəti bu film-tamaşanı Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı ərsəyə gətiriləcək iriçaplı bədii filmin başlanğıcı hesab edir. Filmi ərsəyə gətirənlə Üzeyir bəylə bağlı ekran əsərinin ardının olacağını, yeni bir filmin tamaşaçıları gözlədiyini bildiriblər.

"Üzeyir Hacıbəyli: bir portretin ştrixləri" film-tamaşasının quruluşçu rejissoru Adil Azay, ssenari müəllifi Afaq Vasifqızı, Üzeyir Hacıbəylini canlandıran aktyor isə Ədalət Əbdülsəmədovdur.

Qeyd edək ki, "Yad et məni" layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

Bədii-sənədli film 26 noyabr saat 16:15-də AzTV-də yayımlanacaq.

Sənədli filmin anonsu: https://www.youtube.com/watch?v=8gknrodRzRI&ab_channel=AZTV

AzTV hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV "Avropa keyfiyyəti" medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub.  2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31