Vaqif Mustafayevlə görüş keçirildi - FOTO
5 İyul 2022 19:02 Mədəniyyət1 iyul 2022-ci il tarixində Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı kafedrası və Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, Avrasiya Televiziya Akademiyasının birinci vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, tanınmış kinorejissor, ssenarist Vaqif Mustafayevlə görüş keçirildi. Azərbaycan ədəbiyyatı kafedrasında səmimi söhbət formatında təşkil olunan görüş Vaqif Mustafayevin xatirələri, maraqlı söhbətləri ilə yaddaqalan oldu.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva giriş sözü ilə çıxış edərək Vaqif Mustafayevlə görüşün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Vaqif Mustafayevin kinematoqrafiya sahəsinin inkişafı üçün yorulmadan çalışan, Azərbaycan kino sənətində özüməxsus imzası və fərqli üslubu ilə seçilən incəsənət xadimi olduğunu vurğuladı.
Görüş zamanı rejissorun ömür yolu, çoxşaxəli yaradıcılığı diqqət mərkəzində saxlanılmış, kafedranın professor-müəllim heyəti Vaqif Mustafayevə suallar ünvanlamışlar. Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, dosent Fərrux Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Səməngül Qafarova, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Səbinə Ağababayeva və digərlərinin suallarını əməkdar incəsənət xadimi görüşün formatını əsas götürərək səmimi şəkildə cavablamış, çəkiliş zamanı başına gələn maraqlı hadisələri, kadrarxası məqamları görüş istirakçıları ilə bölüşmüşdür.
Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək Ulu öndərin həyat və fəaliyyətinə həsr etdiyi "Heydər Əliyev" sənədli filmi barədə geniş məlumat vermişdir.
Qarabağ müharibəsinə həsr olunmuş "Fəryad" filmindən bəhs edən Vaqif Mustafayev otuz illik torpaq həsrətindən, Azərbaycan tarixinin ən şanlı səhifələrini təşkil edən qırx dörd günlük müharibədən söhbət açaraq uzun illərdən sonra doğma torpaqlarımıza qovuşmağın sevincini xüsusi vurğulamışdır. Eyni zamanda rejissor "Bəyin oğurlanması", "Hər şey yaxşılığa doğru", "Yaramaz", "Yoxlama" və digər filmlər, bu filmlərin kadrarxası yaddaqalan məqamları haqqında da söhbət açmışdır.
Pedaqoji fəaliyyətlə də məşğul olan Vaqif Mustafayev gənc nəslə rejissorluğun incəliklərini öyrətməklə onların akademik bilikli mütəxəsislər kimi yetişməsində əlindən gələni əsirgəmir. Bu baxımdan rejissor kifayət qədər istedadlı gənclərin olduğunu qeyd edərək onların hər zaman öyrənməli, mütaliə etməli olduqlarını vurğulamışdır.
Sonda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva Vaqif Mustafayevə dəvəti qəbul etdiyi üçün öz minnətdarlığını bildirmiş, eyni zamanda rejissor Bakı Slavyan Universitetinin rəhbərliyinə və professor Rəhilə Qeybullayevaya təşkilatçılıq üçün təşəkkür etmişdir. Görüş xatirə şəkli ilə yekunlaşmışdır.

