“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVID-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə elan olan "Minnətdarıq" adlı respublika rəsm müsabiqəsinin onlayn yekun sərgisi açılıb.

Olaylar.az bildirir ki, müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim edilib.

Təqdim olunan əsərlərin təhlili göstərib ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVID-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacarıblar.

Müsabiqənin pul mükafatına layiq görülənlər bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini iyun ayının 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31