Kuklaçılar “Qara balığın nağılı”nı təqdim ediblər
19 İyun 2020 11:38 MədəniyyətKoronavirus pandemiyasının tüğyan etməsinə rəğmən yaradıcılıq planlarını təxirə salmayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşasını hazırlayıb.
Olaylar.az bildirir ki, aylar öncə məşqlərinə başlanılan "Qara balığın nağılı" teatrın bədii şurası tərəfindən qəbul edilərək cari repertuara daxil edilib.
Məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin "Balaca qara balıq" mənzum nağılı əsasında hazırlanan bu fərqli səhnə yozumlu tamaşa yeni teatr mövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.
Səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı uşaq tamaşası üç aktyorun canlı plan və kukla oyunu toplusudur.
Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandırdıqları obrazlar (8-i kukla olmaqla) vasitəsilə uşaqlar dərin mənalar ehtiva edən səhnə əsərinin tamamlanmış vizual həllini görəcəklər. Çoxfunksiyalı kuklalar, plastik həll və harmoniyalı oyun sayəsində dolğun səhnə nümunəsi ərsəyə gətirən Namiq Ağayev fərqli kukla texnikalarına müraciət edib.
Qeyd edək ki, tamaşanın istər məşq, istərsə də qəbulu prosesi sosial izolyasiya qaydalarına əməl olunaraq aparılıb.