10 Mart - Milli Teatr Günüdür
10 Mart - Milli Teatr Günüdür
10 Mart 2020 11:21 MədəniyyətBu gün Azərbaycan teatrı yaranmasının 147-cü ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
Olaylar.az-ın məlumatına görə, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edib.