Xalq artistlərinin aldığı qonorarı heç vaxt tələb etmərəm - Günel Həmidova
Olaylar.az Bakı Bələdiyyə Teatrının aktrisası, bir çox seriallarda fərqli obrazlar canlandıran Günel Həmidova ilə müsahibəni təqdim edir.
28 Fevral 2020 12:22 MədəniyyətOlaylar.az Bakı Bələdiyyə Teatrının aktrisası, bir çox seriallarda fərqli obrazlar canlandıran Günel Həmidova ilə müsahibəni təqdim edir.
- Günel xanım, davamlı olaraq seriallarda çəkilirsinz. Necə gedir çəkilişlər?
- Çəkilişlərimiz əla gedir. Hər həftə çəkilişlərdə oluruq. Həm Space kanalında aparıcı kimi çalışıram, həm teatrda və seriallarda rol alıram. Bu yaxınlarda Müdafiə Nazirliyinin bir layihəsinə dəvət aldım. Layihədə gözdən əlil uşaqlar üçün audio dərslikləri səsləndirirəm. Məhz belə bir layihədə yer aldığım üçün çox sevinirəm.
- Hazırda deyəsən, "Uçurum" serialında rol almısınız?
- ARB kanalında yayımlanan "Uçurum" adlı serialda oynayıram. Artıq serialın ikinci mövsümü yayımlanır. Başlayanda bir mövsümlük nəzərdə tutmuşduq. Amma serial reytinq qazandı və rəhbərlik belə qərara gəldi ki, "Uçurum" ikinci mövsümdə də yayımlansın. İkinci mövsüm may ayına qədər nəzərdə tutulub. Düşünürəm ki, tamaşaçılar serialın üçüncü mövsümdə də yayımlanmasını arzu edəcəklər.
2009-cu ildən İncəsənət Universitetinin məzunu olmuşam. İş fəaliyyətim universitet vaxtından başlayıb. O vaxt hələ seriallar bu qədər geniş yayımlanmırdı. İlk çəkildiyim serial bədii serial olan "Həyat varsa" idi. O zamandan çəkilişlər başladı. Bu iş elədir ki, tamaşa tamaşa, çəkiliş çəkiliş gətirir. Çətini addım atana kimidir. Daha sonra "Xəzər" telekanalında üç mövsüm yayımlanan "Bir ailəm var" serialının baş qəhrəmanını canlandırdım. Daha sonra "Oskar" film şirkəti tərəfindən çəkilən və ATV kanalında yayımlan "Sən olmasaydın" serialında çəkilmişəm.

- Aktrisa olaraq, serialların ssenarisi sizi qane edirmi? Aktyorlar öz potensiallarını seriallarda göstərə bilirlərmi?
- Hazırda çəkildiyim "Uçurum" serialının ssenari qrupunun rəhbəri dəyərli yazarımız İlqar Fəhmidir. Artıq ikinci layihədir ki, İlqar bəylə birgə çalışırıq. "Xəzər" televiziyasında Valeh Əhmədovun rəhbərlik etdiyi "Qələm" qrupu da var ki, orada da istedadlı gənclər var. Demək olar ki, Azərbaycan tamaşaçıları məni onların qələmindən çıxan ssenari ilə sevdilər. Əgər tamaşaçı sevib, qəbul edirsə biz də razı olmalıyıq.
Aktyorun potensialını göstərmək artıq ssenaristlə bərabər, rejissorun da öhdəsinə düşür. Mən inandığım komanda ilə çalışıram. Təklif gələndə də ilk olaraq, kimin layihəsi olduğunu, rejissorun, ssenaristin kimliyi ilə maraqlanıram. Bəzən yeni yaranmış qruplara dəstək oluram. Amma öz karyeramı da düşünürəm. Sənətdə seçimim həmişə öz təsdiqini tapan insanlar olub.
- Bəzən, sözünü demiş aktyorlar gəncləri seriallarda oynadıqlarına görə qruplara ayırır və onları "serial aktyoru" adlandırırlar. Bu fikirlə razısınız?
- Mən bütün sənətkar aktyorların fikirlərinə hörmət edirəm. Onlar elə bilirlərsə, mən onların yanında razıyam. Mədəniyyət sahəsində hər sektorun öz tamaşaçısı var. Televiziya tamaşaçısı ilə internet tamaşaçısı çox fərqlidir. İnternet tamaşaçısını əsil tamaşaçı hesab etmirəm. Mənim üçün əsil tamaşaçı televiziya tamaşaçısıdır. Mənim əlimə reytinq gələndə baxıram ki, oynadığım serial və ya aparıcısı olduğum verilişin reytinqi bu qədərdi. Və bu dəqiq rəqəmdi. Teatrın və serialın öz tamaşaçıları olur. Mən teatrda daha rahat oluram. Əsil aktrisa mənə görə teatrda rahat olur. Teatr canlı təmasdı. Mizanı və ya yerindəcə səsin batsa, bu tamaşaçının gözündən yayınmır. Teatr tamaşaçı qarşısında məsuliyyət deməkdir. Serial isə elədir ki, orada montaj, dubl deyilən üsullar var. Mənim şansım ilk olaraq çəkilişlərə başlayanda peşəkar heyətlə başlamağımda oldu. Serialı da tamaşa kimi bir dubla oynayıram. İkinci dublda oynamağa utanaram.
Amma "serial aktyoru" ifadəsində hardasa haqq var. Elə bir məqam oldu ki, yoldan ötən hər kəsi seriala çəkirdilər. Bu da sənətkarlarda qıcıq yaratdı ki, bu işin təhsilini alan gənclər varsa, hansısa model və ya bu sənətlə heç bir əlaqəsi olmayan, kiminsə qohumu niyə çəkilməlidi? O da var ki, peşəkar heyətin serialında kimlər çəkilsin?

- Azərbaycanda kanalların təqdim etdiyi reytinq cədvəlinin dəqiq ölçüldüyündən əminsiniz?
- Əgər, internetdən mənə hansısa məhsulun reklamı müqabilində səhifəmdə izləyici sayının artmasını və ya oynadığım serialı trendə salmaq təklif olunursa, niyə real rəqəmlər əsasında təqdim olunan cədvələ inanmayım? Televiziyada bu zamana qədər heç vaxt belə bir təkliflə qarşılaşmamışam. Ona görə düşünürəm ki, televiziyadan əldə etdiyimiz reytinq dəqiqdir.
- Seriallarda ödənilən qonorar sizi qane edirmi?
- Mənə elə gəlir ki, bu aktyorun özünə verilən dəyərdən asılıdır. Mən ya yüksək qonorara çəkilirəm, ya da hansısa gəncə dəstək oluram. Kimsə deyə bilməz ki, mən Güneli 3-5 manata nəyəsə çəkdim. Mənimlə işləyən rejissor da, prodüsser də bilir ki, mən hansı işin müqabilində nə qədər qonorar alıram. Gec saatlara kimi işləsəm, ssenarinin yükünü və yolu nəzərə alaraq qonorarımı açıqlayıram. Peşəkar və təhsilli aktrisa olaraq mən də ən aşağı qonorarla çalışım, təhsili olmayan biri də?! Təbii ki, xalq artistlərinin aldığı qonorarı heç vaxt tələb etmərəm. Bu ayıb olar, düzgün çıxmaz. Amma universitet tələbələrinin diplom işlərinə dəvət alanda hər zaman qonorarsız çəkilmişəm. Hətta onlar özləri müəyyən məbləğ təklif etsələr belə, bundan imtina etmişəm. Amma ssenariyə baxıram. Əgər orada həqiqətən özümü görürəmsə, bacardığım qədər mən də onlara dəstək oluram.

- Televiziya tamaşaçıları çox vaxt seriallarda məişətə daha çox yer verildiyindən şikayətçidir?
- Bunu daha çox onlar özləri tələb edir. Elməddin Cəfərov "Bacanaqlar" serialını çəkirdi. 5 ilə yaxın bu serial yayımlandı. Sonda Milli Televiziya və Radio Şurası yayımı dayandırdı. Elməddin yeni "Leyli və Məcnun" serialı üzərində işləməyə başladı.
- O da türk serialının təkrarı idi.
- Hə. Həmin serial 2 ay yayımlandı. Özü də etitaf elədi ki, "Bacanaqlar" məişətdən də məişət idi, amma reytinq və onda olan tamaşaçı marağını "Leyli Məcnun"da görmədi. Ona görə serialın çəkilişlərinə son verildi.
- Məncə, serialın izlənməmə səbəbi plagiat olması idi. "Aramızda qalsın" da məşhur "Cocuklar duymasın"ın təkrarı idi. Sadəcə onun izlənmə səbəbi çəkilən ilk seriallardan biri olması idi. Fikrimcə, həmin serial indi çəkilsə, izlənmə olmayacaq.
- İtv -də "Kür nəğmə" adlı serial çəkildi. Cavid Təvəkkülün rejissorluğu ilə. Günay Əhməd kimi gözəl aktrisa çəkilmişdi, ssenarisini Reyhan xanım yazmışdı. Bu serial da dillərə dastan olmadı. Həm deyirik ki, məişət olmasın, kütləni maarifləndirək, həm də bu cür serialları izləmirik. Düşünürəm ki, bu balanslaşma zamanla olacaq.

- Ara -sıra şeirlər də səsləndirirsiniz. Daha çox kimlərin şeirlərini sevirsiniz?
- Ramiz Rövşən, Nüsrət Kəsəmənlinin şeirlərini çox sevirəm. Cəlil Cavanşir şeirlərinin vurğunuyam. Cəlil Cavanşir şeirlərində hər zaman qadınların yanında olur.
- Elza Seyidcahandan şeir səsləndirməyi düşünürsünüz?
- Bu haqda düşünməmişdim. Amma niyə də olmasın? Deyərdim ki, 30-40 ildən sonra bəlkə də Elza xanımın adı satrik şairlərin sırasında olacaq. Nədənsə, biz kimsə həyatını itirəndən sonra onun yaradıcılığını anlayırıq. Sabir də, Mirzə Cəlil də belə olub. Mən Elzanın şeirlərini ələ salan insanlara da deyirəm ki, onun şeirlərində həqiqət var. "Acam, ac" şeiri yetərlidi. Bəlkə də Elza xanım özü şeirlərini bu cür təqdim edir ki, həqiqət axtaran insanlar bunun boş nəsə olduğunu düşünsünlər. Bir də onu deyim ki, yanaşma önəmlidi. Gələcəkdə ola bilər ki, səsləndirim. Mən Elza xanımın yaradıcılığını sevirəm.
- Rejissor, ssenaristlər seriallarda, bədii filmlərdə aktrisaların sevgi səhnələrini oynamaqdan imtina etmələrindən şikayət edirlər. Sizin sevgi səhnələri üçün hansısa bir qadağanız varmı?
- Bizim sektorda bəzi aktyorlardan eşitmişəm ki, mən tərəf müqavilimi sevməliyəm. Sevməsəm oynaya bilmərəm. "Kişi sözü" filmində sevgi səhnəsində rejissor Cahangir Mehdiyev Əjdər Həmidova bildirir ki, mən sizin sevginizi çəkə bilmirəm, inandırmırsan məni. Əjdər bəy nə edəcəyini soruşanda Cahangir Mehdiyev bildirir ki, sən Sənubər İsgəndərlini sevməlisən. Film çəkilən 2-3 ay ərzində Əjdər bəy bildirir ki, mən Sənubər xanımı sevdim və film çox uğurlu alındı. Rejissor idarəedən şəxsdi və aktrisa olaraq ona tabe olmalıyıq.
Məncə, mən onu sevsəydim necə edərdim və ya sevdiyim bir insanı xatırlayıb oynayaram. Amma müəyyən həddə qədər. Aktrisaları çox da qınamayaq. Tamaşaçılarımıza da nəzər salaq. Onlar tələb etdikləri o sevgi səhnələrini qəbul edəcək səviyyədədirlərmi? Məsələn, Vəfa Zeynalova ilə Nurəddin Mehdixanlının birgə oynadıqları filmdə balaca bir epizoda görə onları nə qədər təhqir etdilər. Tənqid yox, məhz təhqir. Hələki mənim sevgi rollarım çox gözəl qarşılanıb. "Bir ailəm" var serialında sevgi hisslərini verə bildiyimi düşünürəm.

- Mentalitet sənətə mane olur?
- Hə, mentalitet müəyyən qədər sənətimizə mane olur. Düşünürəm ki, bu doğru deyil. Mənim oynadığım hər hansı səhnəyə görə həyat yoldaşıma, ailəmə niyə söz gəlməlidir, təhqir olunmalıdır? Bəlkə də, bizim də kişilərimiz aktrisa xanımlarına sənətdə dəstək olduqlarına görə qınanılmasa, onlar da sevgi səhnələrini normal qarşılayardılar. Bizim tamaşaçılar nə edir? Məhz həmin səhnəni kəsib paylaşıb, şərhlərdə min cür təhqir yazırlar. İnsanı həyat yoldaşı ilə vurmazlar. Belə olanda kim həyat yoldaşına icazə verər?
Nigar Adil