Musiqili Teatr azyaşlı tamaşaçılarını Yeni ildə sevindirəcək

Musiqili Teatr azyaşlı tamaşaçılarını Yeni ildə sevindirəcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gələcək.

Olaylar.az bildirir ki, sənət ocağının yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı" tamaşası ilə sevindirəcək.

Yeni il tamaşaları dekabrın 27-dən yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.

Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri - Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31