Qaranlıqdan qorxan nəhəng adam – Con Koffi...

Qaranlıqdan qorxan nəhəng adam – Con Koffi...

Günlər keçir və artıq Conun da edam günü gəlib çatır. Nəzarətçi Pol belə birini edam edə bilməyəcəyini bilir. Lakin vəzifəsi ondan bu işin görülməsini tələb edir. Con ona son olaraq bir hədiyyə verərək, əsil həqiqəti Polun da görməsini təmin edir. Pol artıq Conun qatil olmadığını və əsil qatilin həbsxananın digər otağında saxlanılan Wild Bill olduğunu başa düşür.

Pol Condan son olaraq nə istədiyini soruşur. Əgər həbsxanadan qaçmaq istəsə ona kömək göstərəcəyini bildirir. Lakin Con bu təklifi qəbul etməyərək daha yaşamaq istəmədiyini bildirir. Bundan sonra Pol və digər nəzarətçilər son dəfə Yaşıl Mildə irəliləməlidirlər...

Con Koffi xilas olmaq istəmir: "Mən eşitdiyim və hiss etdiyim ağrılardan çox yorulmuşam, boss. Mən yollardan yorulmuşam, quş kimi yağışın altında tənha dolaşmaqdan yorulmuşam. Heç kiminlə yol yoldaşı olmamaqdan, haradan gəlib haraya getdiyimi, ya da nə üçün getdiyimi paylaşa bilməyəcəyim bir dostumun olmamasından yurulmuşam. İnsanların bir-birinə qarşı düşmən kəsilməsindən yorulmuşam. Elə bil beynimin içində şüşə qırıntıları var, dəfələrlə yardım etməyə çalışıb edə bilməməkdən yorulmuşam. Qaranlıqda yürüməkdən təngə gəlmişəm. Əgər mən onu bitirə bilsəydim yer üzündən yox olardım, amma, bacarmıram".

Kinqin nəhəng adamı...

"E" blokunda döşəməyə sərilmiş yaşıl rəngli linoleum... Kold Mouintin-da  ştat həbsxanasının  ölümə məhkum edilmişlərin korpusundan elektrik stuluna gedənlərin son yolu, yaşıl yolu. Məhbuslar elektrik stuluna "Qoca qığılcım" adı qoymuşdular, yaxud da "Yağlı tikə". Başqa həbsxanaların Sonuncu mili onların Yaşıl Mili idi.

Detteriklərin iki azyaşlı qızını öldürməkdə ittiham olunan günahsız Kofinin Yaşıl Mili...

Əsl qatil uşaqlardan birinin susmayacağı təqdirdə digərini öldürəcəyi ilə təhdid etmişdi.

- Onları kim öldürdü, Koffi?

Özü ilə bağlı heç bir sualı cavablandırmayan, edama məhkum edilmiş, kamerasında gecə-gündüz  göz yaşları axıdan, qaranlıqdan qorxan  nəhəng adam cavab verir:

- Onları bir-birlərinə olan sevgisi öldürdü. Hər gün dünyanın hər yerində belə cinayətlər olur.

Koffinin ən böyük günahı qaradərili olması idi. Balaca əkiz qızların Con Koffinin boynuna qoyulan qətli məhz gənc Uorton tərəfindən törədilmişdi. Lakin irqçiliyin Amerikanın bir hissəsinə çevrildiyi bir vaxtda potensial qatil Koffidən başqa kim ola bilərdi?

Cinayətkar araşdırılan zaman Koffi evcil itlə müqayisə edilir.Hammersmit öz iti olan Ser Qalandı Con Koffiyə bənzədir. Ser Qaland hər gün Hammersmitin körpə uşaqları ilə oyna­yır və onlara heç bir zərər toxundurmurdu, lakin bir gün it səbəbsiz yerə Hammersmitin oğlu Kalebin üzünü parçalayır, uşaq sağ qalsa da, ömürlük üzündə çirkin yara izi ilə yaşamağa məhkum olur, Hmammersmit  qaradərili Koffini sahibinə xəyanətkar çıxan itə bənzədir.

"Mənim adım Con Koffidir. Koffi qəhvə kimi səslənir, lakin yazılışı fərqlidir"

Polun həyatında gördüyü ən nəhəng, gözləri hər zaman yaşla dolu olan, göz yaşları heç vaxt sağalmayacaq yaraya bənzədilən adam.

Con, xəstəlikləri toxunmaqla sağaltmaq qabiliyyətinə sahibdir. Bir gün Pol, həbsxanada pisləşən zaman onun harayına Con yetişir və onu hər zaman olduğundan daha yaxşı  olacaq bir şəkildə sağaldır. Con həbsxana müdirinin arvadının xəstəliyini içinə çəkərək onu sağaldır.

Con bununla kifayətlənməyərək, nəzarətçilər arasında baş verən mübahisə zamanı öldürülən siçan Mr. Cınqılı da əlinə alaraq ona yenidən can verir. Pol və dostları bir həqiqəti hələ indi başa düşürlər. Con xəstəlikləri sağaltmır, onu başqalarından öz içinə çəkərək orada məhkum edir.

"Xahiş edirəm, boss, üzümü o qaranlıq torba ilə örtməyin. Məni qaranlığa məhkum etməyin, mən qaranlıqdan qorxuram".

Qoca qığılcımın son sakini son anında belə qaranlığı lənətləyir. Koffinin kölgəsi "E" blokunun dəhlizində qalır. Qəribə səslər gəlir  elə bil kimsə ağır-ağır gəzir. Heç kim onun elektrik stolunda edam anını unuda bilmir. Ən çox da Pol... Gözünün qarşısında bütün həyatı durur nəbzi...

"Biz hamımız ölməliyik, heç bir istisna olmamalıdır. Mən bunu başa düşürəm, amma, aman Allah, bəzən "Yaşıl Mil" necə də uzun olur..."

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31