Yeni mövsüm müzakirə olundu - Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün başlanması ilə əlaqədar geniş tərkibli iclas keçirilib.

Olaylar.az bildirirki, teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb.

"Yola saldığımız 108-ci mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimləri, səfirləri və onların nümayəndələri, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimləri və sənət adamlarının böyük marağına səbəb olub. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreynin 2017 və 2018-ci illərin Novruz bayramı günlərində konsert proqramı ilə çıxış etməsi, iyun ayında Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə "İlahi Komediya. Cəhənnəm" tamaşasının nümayişi iki ölkə arasında mədəni əlaqələrə yeni töhfələr verdi", - deyə teatrın direktoru söyləyib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunan "Nuri-didə Ceyhun" tamaşasında səhnədə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, "Qodonun intizarında" absurd tamaşasının premyerası teatr ictimaiyyətində böyük əks-səda doğurub.

Tədbirdə Xalq artistləri Afaq Bəşirqızı və İlham Namiq Kamal kollektivi yeni mövsüm münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.

Müzakirələrdə teatrın yaxın dörd ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31