Bir sevgi tarixçəsi– “Səndən sonra”

Kamal Yaşar: "Filmdə müəyyən məhrəm-mənəvi məqamları qorunub"

Avqustun 2-də Mili Kino Günündə sosial şəbəkə vasitəsilə tamaşaçılara yeni film təqdim edildi. "Səndən sonra" adlanan film Çıraq Medianın dəstəyi ilə çəkilib. Film 19 il bundan öncə həyat yoldaşını itirən və hər gün onun məzarını ziyarət edən 81 yaşlı Tağının hekayəsindən bəhs edir.

Olaylar.az "Səndən sonra" filminin rejissoru Kamal Yaşarla film haqqında olan müsahibəni  təqdim edir.

- Son günlər sosial şəbəkədə filminiz böyük marağa səbəb oldu. İlk olaraq, "Səndən sonra" filminin yaranma ideyası haqqında məlumat vermənizi istərdik.

- Bir çox dəyərlərin aşındığı bir vaxtda belə bir mövzü, belə bir personaj insanlar üçün göydəndüşmədir. Ona görə də belə bir diqqət də başa düşüləndir. Mən bir dəfə sosial şəbəkədə paylaşılan iki dəqiqəlik bir televiziya videosujeti izlədim və bu personajla mənim aramda mənəvi bağ o zaman yarandı. Filmi çəkmək üçün müəyyən kiçik vəsait lazım idi. Onu da bir prodakşına müraciət edərək əldə etdim və filmin çəkilişlərinə başladım.

Film dəbdəbədən uzaq, fərqli və sakit bir halda tamaşaçılara təqdim etdiniz. Sanki Tağı dayını bəzi ortamlardan uzaq tutdunuz, qorudunuz.

- Əslində bir kinoteatrla danışıq oldu və cəmi bir dəfə təqdimat tipli nümayişə dəstək verəcəklərini dedilər. Son anda isə deyildi ki, yox, zalın biletləri alınmalıdır. Bizim də pulumuz olmadığına görə təbii ki, təşəkkür edərək imtina etdik.

Tağı dayını qorumağa gəlincə mən bunu filmdə müəyyən məhrəm-mənəvi məqamları qorumaqla etmişəm. Məsələn, onun ağladığı zaman səsləri, dedikləri mənə görə bir insanın məhrəm duyğularıdır və onları olduğu kimi təqdim etmək bir sənətçi olaraq mənə görə etik deyil. Ona görə o məqamlarda səsi tamam alaraq üzərinə musiqi yerləşdirməklə təqdim etdik. Ümumiyyətlə, mən öncədən də Tağı dayıya dedim ki, biz sizə mövzu kimi yanaşmırıq. Sadəcə o qədər maraqlı bir personajsınız ki, sizi çox insanların görməsini istəyirəm. Ona görə də illərdir davam edən bu müqəddəs rutininizdə sadəcə bir gün sizə yoldaş olacam.

- Tağı dayının filmdə ağlama səhnəsi hər kəsi kədərləndirdi.

- Hə, kədərli səhnələr idi. Həm də çox doğma. Həyat yoldaşını itirəndən sonra Tağı dayının yalnız bir arzusu var - ölmək və beləcə sevgilisinə qovuşmaq...

Film, dünya yaranandan var olan bütün aşiqlərin, sevgililərin xatirəsinə ithaf olunur!

- Bizim toplumda qadınların həyat yoldaşlarına, sevdiyi insana olan vəfasından çox yazılıb, deyilib. Amma kişilərin həyat yoldaşlarına qarşı bu cür etibarlı olması tez-tez rast gəlinən durum deyil. Rejissor olaraq filmin bu cür  uğurlu alınacağını təxmin etmişdiniz?

-Mən kişilərin fədakarlığını duymuşam. Çünki fədakarlıq elə kişiyə yaraşan xüsusiyyətdir. Qadın isə onsuz da varlıq etibarilə gözəldir və elə olduğu kimi olsa, yetər. Necə ki, burada qəhrəmanın xanımı belə olub: adi, sadə.

Kadrarxası söhbətdə mən soruşdum ki, necə olur ki, onu belə sevirsiniz. Çünki əvvəlcə mən də əksər tamaşaçılar kimi nəsə qeyri-adi bir cavab gözləyirdim. Ancaq kişi dedi ki , xanımım mənə elə davranıb ki, bircə pis xatirəm yoxdur onu yadıma salam və deyəm ki, yox, bu gün onun ziyarətinə getmirəm. Və qadını sadəcə öz vəzifəsini icra edib. Adi vəzifəsini. İnanın ki, bu belədir. Yəni fantastik nəsə baş verməyib. Sadəcə xanımı öz vəzifəsini ləyaqətlə yerinə yetirib. Ümumiyyətlə, hər şeydə qeyri-adilik axtarışı yanlışdır. Biz adiləri gözardı etdiyimizə görə çox zaman uduzuruq,  görə bilmirik.

Filmin uğurlu alınmağına gəlincə, bunu hesablamaq və bu barədə düşünmək nə doğru deyil, nə də etik. Ona görə ki, sən bir iş görürsən və bir yola çıxırsan. Uğur və sevgi elə bu yolun özüdü. Qalanı xatirədi...

- Çəkilişlər neçə gün davam etdi? "Səndən sonra" festivallarda təqdim olunacaqmı?

- Çəkiliş bir gün oldu. Yəni, Tağı dayının 19 illik rejiminə bir gün biz də qoşulduq. Gecəyarı saat 3-dən sabaha qədər. Sadəcə söhbətimizdə alınmayan bəzi məqamlar oldu ki, onu da 2-ci gündə çəkməli olduq.

Normalda festivallar nümayiş olunan filmləri qəbul etmir(istisnalar var). Amma uyğun olarsa bu istisnalardan yararlanacağıq.

- Çəkiliş zamanı hansı çətin anları yaşadınız?

-Heç bir çətin an yaşamadıq, maraqlı an yaşadıq. Çünki çəkilişin özü bütöv bir prosesdir və həm də tək bir andır.

Bu gün bir çoxları İran filmlərini sənət əsəri olaraq qəbul edirlər. İstər mənəvi saflığın təbliği, peşəkar rejissor işi, uğurlu kadrlar və. s "Səndən sonra" sənədli film olsa da peşəkarlıq və mövzu baxımından qəbul edildini deyə bilərik.

- İran filmlərindən çox öncələr mövcud idi sənət filmləri. Ümumiyyətlə, İran kinosunu İtaliya neorealizminin törəməsi adlandıranlar da var. Yəni, sənət kinosunu təkcə İran kinosuna aid etmək doğru deyil. Ondan əvvəl də olub, onunla da var, ondan sonra da olacaq.

"Səndən sonra" sənədli film olsa da filmdə, xüsusilə əvvəlində bədii bir quruluş var. Yəni bu, hansısa kiçik elementlərlə edilən bədiilik yox, birbaşa qurulan vahid bədiilikdir. Eləcə də filmdə istifadə olunan müəyyən simvolik elementlər və onun vahid sujetlə bağlılığı. Ümumiyyətlə, sənədli filmi çoxdan mövcud quruluqdan çıxarmaq lazımdır. Sənədli olması, nəyinsə birbəbir eyni olması demək deyil. Onda bu sənədli film yox, reportaj olardı. Biz də bacardığımız qədər bədii elementlərdən və ümumiyyətlə, bədiilikdən yararlandıq.

- Bu yaxınlarda Azərbaycan kinosunun 120 illiyi qeyd olundu. Sizcə, 120 illik bir tarixə malik olan Azərbaycan kinosunun bu gün inkişafı üçün nələr çatmır?

- Qeyd olunan 120 illik bir tarix əlbəttə xoşdur. Qısa deyəcəm - sevgi çatmır. Vəssalam. Gerisi təfərrüatdır.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31