Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığa dair çoxtərəfli Memorandum imzalanacaq
Yaxın günlərdə Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair Memorandum imzalanacaq.
23 Noyabr 2017 14:55 MədəniyyətYaxın günlərdə Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında çoxtərəfli əməkdaşlığa dair Memorandum imzalanacaq. Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-a bildirib.
Özbəkistanın Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında imzalanacaq çoxtərəfli Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə araşdırma, nəşr layihələrinin gerçəkləşdirilməsi, elm, ədəbiyyat sahəsində mübadilə, habelə nəşrlərin mübadiləsi layihələrinin həyata keçirilməsi və s. nəzərdə tutulub.
Qeyd edək ki, Daşkənddəki Əlişer Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında keçirilən görüş zamanı tərəflər arasında bir sıra təkliflər razılaşdırılmış və imzalanacaq Memoranduma daxil edilmişdir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə Əlişer Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması ilə əlaqədar məsələlərin həlli və bu işlərə müvafiq dəstək göstərilməsini öz üzərinə götürüb.
Bundan başqa, Əlişer Nəvai adına Daşkənd Dövlət Universitetinin rektoru Şuxrat Siracədddinov yaradılacaq Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin nəzdində Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilini, Bakıda gələcəkdə yaradılması planlaşdırılan Ə.Nəvaid adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinə, habelə Özbək dili və ədəbiyyatı kafedrasına müvafiq dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Memoranduma əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu da bir sıra işləri həyata keçirəcəkdir: İnstitutun nəzdində Ə.Nəvai adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin, Özbək dili və ədəbiyyatı kafedrasının təşkilini, birgə nəşr layihələrinin reallaşdırılmasına təşkilati dəstək, Azərbaycanda yaşayıb yaratmış və Özbək ədəbiyyatına aid tanınmış şəxslərin irsinin tədqiqi layihəsinə dəstək və s.