Üçüncü dəfə ata olan Miri Yusif: “Ad günümü doğum evinin qarşısında keçirdim” - MÜSAHİBƏ/FOTO
28 Oktyabr 2017 06:07 MədəniyyətTanınmış müğənni Miri Yusifin sadiq izləyiciləri yaxşı bilir ki, onunla müsahibəmiz artıq ənənəyə çevrilib. Odur ki, oxucuları intizarda çox saxlamamağa qərar verdik. Və sənətçinin doğum günü ərəfəsində ruh əkizləri üçün "Etirafların" üçüncü hissəsini hazıladıq.
Miri Yusifin Publika.az-a müsahibəsini təqdim edirik:
- Söhbətə çox sadə sualla başlayaq. Necəsiniz?
- Hamıdan yaxşı deyərdim.
- Həmişə yaxşı olasınız. Səbəbini bilmək olar?
- Şükürlər olsun ki, hər şey qaydasındadır.
- Nədənsə biz yaxşı olmasaq belə bu suala "yaxşıyam" deməyə öyrəşmişik. Siz bu sualın ən səmimi və dürüst cavabını kimə verirsiniz?
- Evdəkilərə, yaxınlarıma və doğmalarıma. Xüsusilə həyat yoldaşımdan problemlərini, sıxıntılarımı istəsəm də, gizlədə bilmirəm. Gözlərimdən oxuyur... Ailə, doğmalıq da elə bu hisslərdən yaranır.
- Müsahibəmiz onunla bağlıdır ki, bu gün 40 yaşınız tamam olur, həm də dekabrda növbəti konsertinizi verməyə hazırlaşırsınız. Odur ki, söhbətimiz bu mövzularda olacaq. İlk növbədə sizi əlamətdar gün münasibətilə təbrik edir, uzun və mənalı ömür yaşamağı arzulayıram.
- Çox sağ olun. Neçə yaşım tamam olduğunu mütləq qeyd etməliydiniz də (gülürük).
- Bəli, bəli. Bu elə yaş dövrüdür ki, bəziləri ömrün ən gözəl çağlarının başa çatdığını və qocalığa doğru getdiyini düşünür. Siz nə düşünürsüz?
- Ömrümün ən gözəl illəri indi başlayır. Gənclik gözəldir, amma müdrikləşdiyini hiss etmək ondan da gözəldir. Hiss və ağıl toqquşmasında əvvəllər həmişə hisslər qalib gəlirdi. Cavan olanda həyati qərarlarını ağılla və düşünərək deyil, hisslərinə arxalanaraq verirsən. İndi belə deyil. Hər addımımı atanda yüz ölçüb bir biçirəm. Məsələn, zaman maşını olsaydı, keçmişə səyahət etmək istəməzdim.
- Nə üçün?
- İndi daha yaxşıyam.
- Əvvəllər populyar olmadığınıza görə?
- Qətiyyən, içimdəkiab-havadan, ruhdan danışıram.
- Bəs yaşamaq istədiyiniz duyğuları necə, təxirə salırsınızmı?
- Yuxarıda dediyim kimi, şəxsi həyatda daha məntiqli və ağılla hərəkət edirəm. Amma yaradıcılıqda duyğularımın əsiriyəm, onlara həvəslə "Xoş gəlmisən, həmişə sən gələsən" deyə səslənirəm. Eşitdiyiniz mahnılar elə duyğuların məhsuludur, onları təxirə salsam, heç bir mahnı yazılmazdı.
- Mahnınızda dediyiniz kimi, heç olubmu ki, haqsızlıq önündə sadəcə susmusunuz? Sizcə, susmaq çıxış yoludur?
- Susmuram, düşünən, yaxşını pisdən ayırmağı bacaran insanlar heç vaxt haqsızlıqla barışa bilməz. Sussam, vicdanım rahatlıq tapmaz. Əgər haqlı olduğunu görürəmsə, qarşımdakı zəifi müadifə edirəm.
- Bu, sizə zərər vermir ki?
- Zərər verdiyini bilsəm də, sona qədər vuruşuram.
- Məşhur yazıçı Remark deyir ki, bizi qocaldan xatirələrimizdir. Əbədi gəncliyin sirri odur ki, unutmağı bacarasan. Sizcə, unutmağı bacarmaq qocalmağın qarşısını almağa kömək edir?
- Xatirələri unutmaq lazımdırsa, onda niyə yaşayırıq ki? Uşaqlıq illərim, davalarım, ilk sevgim, qarşılaşdığım çətinliklərin hər biri indiyədək yadımdadır, məni yaşadan da, ilhamlandıran da o xatirələrdir.
- Ümidsizliyin ilk simptomları kimi həyat eşqinin azalmasını göstərirlər. Bəs həyat eşqinin azalmasının əsas səbəbi nədir?
- Oraya odun atmasan, əlbət ki, sönəcək. Adamdan-adama da fərq var. İstərdim ki, sevgiyə daha kreativ yanaşsınlar. Gözəl bir söz desinlər, maraqlı bir jest etsinlər, səyahətə çıxsınlar və s. Təbii ki, uşaq sahibi olsunlar.
- Sevilməyə və sevməyə gecikən insanların öz səhvini bərpa etmək şansı varmı?
- Var. Mənə desəydilər ki, 30 yaşında dəlicəsinə sevəcəksən, inanmazdım. Həyat göstərir ki, mümkündür. Artıq neçə ildir ailə qurmuşam və çox xoşbəxtəm.
- Miri Yusifə dözmək və sevmək çətindir?
- Gərək sevəsən ki, dözə biləsən.
- Həyat yoldaşınızı özünüzə aşiq etməyi necə bacardınız?
- Qadın o zaman aşiq olur ki, qarşısındakı insanda kişiyə xas olan bir çox xüsusiyyətləri tapa bilsin. Buraya mərdlik, dürüstlük, diqqətli, qayğıkeş olması kimi keyfiyyətlər daxildir. Düşünürəm ki, bunlar məndə var.
- Sevən insanın hissləri nə zaman acizləşir?
- Qarşılığını hiss etməyəndə...
- Gəlməyəcəyini bildiyimiz halda həmin insanın yolunu gözləməyə dəyər?
- Doğma olsaydı, mütləq gələrdi. Əgər gəlməyəcəyini bilirsənsə, dəyməz.
- Bildiyimə görə, üçüncü dəfə ata olmağa hazırlaşırsınız. 40 yaşında üçüncü dəfə ata olmaq daha çox məsuliyyətdir, ya daha böyük xoşbəxtlik?
- Övladım doğum günümdə dünyaya gəldiyi üçün bu, aldığım ən gözəl hədiyyə olacaq. Əlbəttə ki, sevinc və səadətdir. Həyat yoldaşımla həmişə arzulamışıq ki, ailəmiz böyük olsun. Məsuliyyət hissinin rolunu danmaq olmaz. Bu məsuliyyəti çəkmək də xoşdur. Çünki ailəm olmasaydı, Allah bilir indi haralarda idim...
- Təvəllüdünüzü bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?
- 33. Maşallah olsun, cavan görünürəm.
- Hər bir insan layiq olduğu ömrü yaşayır deyirlər. Miri Yusif necə, layiq olduğu, yoxsa arzuladığı ömrü yaşayır?
- Çox təəssüf ki, insan oğlu çox vaxt sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarının təəssüfü ilə yaşayır. Mənə belə duyğular yaddır. Əslində həyatımızı və taleyimizi özümüz formalaşdırırıq. Əvvəlcədən düzgün atılmış addım səni layiq olduğun həyata doğru aparır. Miri Yusif də layiq olduğu həyatı yaşayır. Və şükürlər olsun ki, arzularımın çoxu yerinə yetib.
- Bu yaşa qədər yaxşı və pis insanı bir-birindən fərqləndirməyi öyrənmisiniz? Yoxsa, həyat sizi təəccübləndirməyə davam edir...
- Təəccüblənməsəm, həyat mənə maraqsız gələr, hər zaman axtarışdayam. Sözsüz ki, xeyirlə şəri ayırd etməyi öyrənmişəm. Ruhunu elə tərbiyələndirməlisən ki, xeyirə tərəf yönəlsin, mənən xoşbəxt olasan, eyni zamanda şərdən uzaqlaşasan.
Niyyətinin və enerjisinin pis olduğunu hiss etdiyim insanları isə çalışıram ki, həyatımdan uzaqlaşdırım.
- Belə deyirlər ki, təəccübləndirməyi bacaran insanlar ruhən həmişə cavan qalır. Siz işlərinizlə təəccübləndirməyi, yoxsa düşündürməyi bacaranlardansınız? Bunlardan hansı daha vacibdir?
- Təəccübləndirərək düşündürməyi seçirəm. Bunları bir-birindən ayırmıram.
- Müasir qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra hələ də gənc olduğunu göstərməyə çalışır. Bəs kişilərdə vəziyyət necədir? Siz bu yaşdan sonra nələri özünüzə sübut etmək fikrindəsiniz?
- Bu yaşa qədər həm valideynlərimin, həm də millətimin fəxri olmuşam. Nəticə çıxardım ki, həyatımı boşa yaşamamışam, sənətdə iz qoymuşam. Sabah qarşıma ölüm çıxsa, onu təbəssümlə qarşılayaram.
- Qadınlar sevildiyini hiss edənə qədər gənc qalır. Bəs kişilər?
- Bəlkə də əksinə (gülür). Zarafat edirəm, sevməyi və sevilməyi bacaran hər kəs gənc qalır. Bunu cinslərə bölməsək də olar. Məhz məhəbbət bizə çoxdan ötmüş gəncliyimizi qaytarır.
- Azərbaycanda müğənni kimi öz qiymətinizi almısınız?
- Ən böyük qazancım ailəm və onların mənə verdiyi dəyərdir.
- Necə düşünürsünüz, illərlə sənətdə olan ifaçılardan daha çox iş görməyi bacarmısınızmı?
- Bu barədə başqaları danışsa, daha yerinə düşər. Buna baxmayaraq nəticə onu göstərir ki, ildə 3-4 dəfə şəhərimizin müxtəlif konsert salonlarında çıxış etmək və zalı tamaşaçı ilə doldurmaq hər kəsə nəsib olmur. Ruh əkizlərimə duyğularımı və enerjimi ötürə, mahnılarımı sevdirə bilmişəm.
- Fəxri adlara layiq görülmək istəyərdiniz? Gözləyirsiniz bunu?
- Təqdim olunsa, çox sağ olun, deyərəm, etməsələr, yenə də sağ olsunlar. Sevildiyimi hiss edirəmsə, deməli, adımı qazanmışam. SSRİ dövründə öyrəşmişdilər ki, əgər sənətlə məşğulsansa, mütləq ad almalısan. Bunlar keçmişdə qalıb, yeni nəsil fəxri ad ardınca qaçmamalıdır. Bizim üçün örnək dünya şou-biznesində olan proseslərdir. Məsələn, Maykl Ceksona hansısa fəqri ad verilib? Yox. Maykl Cekson ürəklərdə və tarixdədir.
- Həm efirlərdən, həm də qalmaqallı maqazin verilişlərdən həmişə uzaq gəzirsiniz...
- Uzaq gəzmirəm, yeni layihələr olanda, verilişlərə gedirəm. Düzü, bu da ildə bir dəfə baş verir.
- Yəni, Azərbaycanda olan şou-biznes mühiti xoşunuza gəlmir...
- Gərək şou olsun ki, biznes də olsun. Təəssüf ki, bizdə şou qalmaqal üzərində qurulub. Mən də orada yoxam.
- Qalmaqallardan necə qaçırsınız?
- Qalmaqal tünd xasiyyətimi bildiyi üçün mənə yaxın durmur.
- Bir qədər konsertdən danışaq. Ruh əkizlərinizə nə demək istəyərdiniz?
- Bilsinlər ki, mən də onlardanam. Konsertlərim göstərişli şoulardan ibarət deyil. Bu, mənim öz müsbət emosiyalarımı və energetikamı ruh əkizlərimə ötürmək üçün təşkil olunmuş bir görüşdür. Konsertlərimə nazir də, fəhlə də gələ bilər. Amma onların hər biri eyni dalğada olur, tamaşaçılarım arasında fərq qoymuram. İnsanlar da məhz həmin dalğaya düşmək üçün gəlir.
- "Altın Kelebek" mükafatlandırma gecəsində Türkiyənin ən sanballı ulduzları ilə eyni səhnəni paylaşacaqsınız. Hansı mahnı ilə çıxış etməyi düşünürsünüz?
- Röya ilə "Səndən bir dənədir" mahnısını oxumağı planlaşdırırıq. Solo ifa istəsələr, "Ağ təyyarə" və "Ad günü" mahnılarını nəzərdə tutmuşam.
- Və nəhayət sonuncu sualımız. Doğum gününüzü necə keçirdiniz?
- Doğum evinin qarşısında keçirdim. Həyat yoldaşım mənə dünyanın ən gözəl hədiyyəsini bəxş etdi, üçüncü dəfə ata oldum. Oğlum dünyaya gəldi, adını Mir Cahid qoyduq.
- Nə gözəl. Allah üç balanızı da saxlasın, valideynlərinə layiqli övlad olsunlar. Söhbət üçün sonda sizə bir daha minnətdarlığımızı bildirir, həm həyatda, həm də karyerada uğurlar arzu edirik.
- Təşəkkür edirəm, bu söhbət mənim üçün də xoş oldu.
Aytən,