Tanrının bəxş etdiyi istedada ondan başqa heç bir güc və varlıq mane ola bilməz
Biz bu səslə 4 -5 aydan çox idi ki, tanışdıq. Onu tanımaq üçün heç bir əmək sərf eləməmişdik. Eləcə rahat, isti evimizdə oturub, əlimizdə telefon və ya önümüzdə kompüterlə nəsə axtaranda rastımıza çıxmışdı. Diqqətimizi cəlb edən, videonu açma səbəbimiz isə yenə də “möhtəşəm” başlıq oldu. “Azərbaycanlı çobanın ifası”... Heç də xoş başlıq deyildi. Yox, çoban olmaq təbii ki, eyib deyil. Amma bu cür gözəl səsi daha gözəl təqdim etmək olardı... Etmədik...
9 Oktyabr 2017 16:07 MədəniyyətBiz bu səslə 4 -5 aydan çox idi ki, tanışdıq. Onu tanımaq üçün heç bir əmək sərf eləməmişdik. Eləcə rahat, isti evimizdə oturub, əlimizdə telefon və ya önümüzdə kompüterlə nəsə axtaranda rastımıza çıxmışdı. Diqqətimizi cəlb edən, videonu açma səbəbimiz isə yenə də "möhtəşəm" başlıq oldu. "Azərbaycanlı çobanın ifası"... Heç də xoş başlıq deyildi. Yox, çoban olmaq təbii ki, eyib deyil. Amma bu cür gözəl səsi daha gözəl təqdim etmək olardı... Etmədik...
Pərvin bizim gündəmimizi 2 - 3 gün zəbt elədi. Sonra biz bu səsi də, bu səsin sahibini də unutduq. Hətta bu səsin sahibinə verilən sözlər də unuduldu. "İşlə təmin edəcəyik" dedilər, "arzuladığın təhsil ocağında - Milli Konservatoriyada təhsil alacaqsan" deyildi. "İmtahana gərək yoxdu, qəbul edəcəyik" deyib, imtahana saldıq və 7 bala görə həvəsi və arzusunu ürəyində qoyurduq. Söz veririk, amma əməl ETMİRİK...
Xatırladaq ki, Azərbaycanda yetərincə musiqi, səs yarışmaları keçirilir. Hər biri də bölgələrə gedib, İcra nümayəndəliklərində yeyib - işdikdən sonra yadlarına düşür ki, heç olmasa 1, 2 istedadlı uşaq aparaq Bakıya. Bir az həyatını, bir az da səslərini, sənətlərini çəkib göstərək. Axı neçə həftədi anonslarımız gedib ki, istedad axtarırıq. Niyə o istedad axtaranların heç biri Pərvinlərə rast gəlmirlər? Çünki, Pərvinlərin istedadı icra nümayəndələrinin qapıları ağzında kimisə gözləmirlər.
Pərvin Səfərov ümidini bizdən üzəndən sonra "O səs Türkiyə" - yə qatılır. Həm də onların xüsusi dəvəti ilə. Xüsusi qayğı və diqqəti ilə və Pərvin o səhnədə sənətə necə qiymət verilməli olduğunu gördü, anladı.
Yarışmanın 4 münsifindən 3 - nü özünə tərəf döndərən Pərvin burada da yenə maneə ilə rastlaşır. Şivəsinin fərqli olduğunu və bu səbəblə də ona dönmədiyini deyən Yıldız Tilbəyə isə bir sualımız var. Bu yarışma səs, yoxsa danışıq, şivə müsabiqəsidir? Rusiyadan, Almaniyadan qatılan iştirakşıların heç birində "şivə sorunu" axtarmayan Yıldız Tilbə nədən azərbaycanlı bir iştirakçıda şivə bəhanəsi etdi? Pərvin özünü müsabiqəyə qatılan digər qonaq ölkə iştirakçılardan daha dəqiq, qüsursuz ifadə etdi. Nə aparıcı Acun Ilıcalı, nə də münsiflərin heç biri onun hansısa bir cümləsində anlaşılmazlıq krizi yaşamadılar. Yıldız Tilbənin Azərbaycan və Türk dilinə və azərbaycanlı bir iştirakçıya nədən bu qədər sərt reaksiya verməsi məlum deyil. Fikrimizcə Y. Tilbə həm Pərvindən, həm də Azərbaycandan üzr istəməlidir.
Ötən gecə hər kəsə və hamıya bir həqiqət məlum oldu: Tanrının bəxş etdiyi istedada ondan başqa heç bir güc və varlıq mane ola bilməz.
Sonda yenə də sənət qazandı. Sonda yenə də Pərvinin arzuları qazandı.
Mədəniyyət və turizim naziri tərəfindən "işlə təmin olunacaqsan" sözünü verdikdən sonra heç bir işlə təmin olunmayan Pərvin Səfərov yarışmadan vətənə qayıdarkən kiminlə rastlaşsa yaxşıdı?! Mədəniyyət və turizim naziri Əbülfəz Qarayevlə. Cənab nazir Pərvin Səfərovu təbrik etdikdən sonra nə dediyini yəqin ki, bilirsiniz. "Heç çobana oxşamırsan" Bəli, Pərvin həm bütün müsabiqə boyu, həm də müsabiqədən kənarda o qədər yüksək mədəniyyət göstərdi ki, tamaşaçılar təkcə onun səsinə yox, həm də yüksək intellektinə heyran oldular. "Mənim səhnəm qoyunların qarşısı ..." deyəndə belə həm tamaşaçıya hörmət etdi, həm də peşəsinə vurğunluğunu göstərdi. Halal olsun! İçimizdə bir qürur da yarandı. Azərbaycanımızın çobanı da istedad yiyəsidir, mədəniyyət sahibidir.
Təbii ki, zamanla Pərvinin bir çox uğurları olacaq. Təəssüf ki, Pərvin o uğurlarla birgə bizim ona verdiyimiz o vədləri heç vaxt unutmayacaq.
Sevda