"Qapı" - dan seçmələr...
Oktyabrın 1- də saat 15:00 - 17:00 - dək BookZone kitab evində gənc yazar Hədiyyə Şəfaqətin "Qapı" adlı şeirlər kitabının təqdimatı olacaq. "Olaylar" "Qapı" - da yer alan bir neçə şeirləri oxuculara təqdim edir.
27 Sentyabr 2017 09:22 MədəniyyətOktyabrın 1- də saat 15:00 - 17:00 - dək BookZone kitab evində gənc yazar Hədiyyə Şəfaqətin "Qapı" adlı şeirlər kitabının təqdimatı olacaq. "Olaylar" "Qapı" - da yer alan bir neçə şeirləri oxuculara təqdim edir.
Söyləsəm
Bir yalnızlıq enər bu şəhərin üstünə
Onlar buna kədər deyərlər, mən yaşamaq
Söyləsəm
Pəncərədən baxmaqla görünən dünyanın havası dəyişər
Amma mənimki olmaz...
Adamlar
Bağışlamazlar məni
Bağışlamazlar sevgimə...
Mən üzümü küləyə tutaram qırğınlıqlarımdan
Mən əlimi saralmış otlara çəkərəm ki,
Üzülməyin,
Mən sizin yaşıllığınızı unutmadım...
Duyarlar...
...Susuram
Görünməyən kəlmələr yollayıram uzaqlara,
Oxunmayan sətirlər
Bir toxunuşla su dalğalanırmış kimi yayılar sehri
Vərəq kənarlarına...
Onlar buna məktub deyə bilməzlər
Mən deyirəm...
***
Gənc qadın
Elə dayanacaqdaca öldü...
Bir dəstə adamın içində
Su kimi axıb yerə töküldü qadın....
Hərə bir tərəfə çəkildi, hələ heç kim heç nə anlamamışdı...
Sükut...
Sonra haray qopdu
Biri əyilib əlini əlinə aldı qadının, biri başını dizinin üstünə qoydu
Biri nəbzini yoxladı...
Biri ucadan höküməti söydü
Ki
- Cavanında-qocasında ürək qalmayıb...
Biri qışqırdı ki
- Təcili yardıma zəng edin!
- Çəkilin
Çəkilin
Çəkilin!...
Polis camaatı aralamağa çalışdı
- Nə olub burda?
- Görmürsənmi?-yaşlı kişi başını yellədi-adam ölüb...
...Telefonunda
Son aradığı nömrəni tapdılar
- Müəllim, siz bu xanımın nəyisiniz?
Hə?
Elə?
Kiçik bir qəza olub, gəlsəniz yaxşı olar, sizi
(filan, filan, filan) ünvanda gözləyirik...
Hə, hə, teatrı keçən kimi, orda...
Yox, yox, narahat olmayın, hər şey yaxşıdır...
Yox...
Özüylə danışmaq istəyirsiniz?...
................................................
...Külək
Papağının altından çıxan qızılı saçlarını oynadırdı,
Bir tutum tel
Dodaqlarına yapışıb qalmışdı...
Gözlərinin dibində bir damla parıltı günəşə ilişib qalmışdı
Qadının...
***
Duman kimidir gəlib-keçən nə varsa indi
Yaşarmış gözlərinin donuq baxışlarında
Bir söz pıçıldayırsan-
"Çox çətindi, çətindi"-
Addımların islanır payız yağışlarında...
Bir yerdə anlayırsan-son yol ümüddən keçir
Başqa nəsə etməyə çırpınmağın hədərdir
Qəlbindən bir hıçqırıq dillənir için-için
Bilirsən, bunun adı tənhalıqdır...
Kədərdir...
Altında oturduğun ağacın budaqları
Damla-damla yaş düzür sənə "ağlama"-deyə
Ayağınla oynadıb saralmış yarpaqları
Düşünürsən-
"İlahi,
Niyə?
Niyə?"...
Bəs niyə?...