“Leyli və Məcnun” 100 ildən sonra Moskvada nümayiş olunacaq

 Oktyabrın 16 – da Moskva şəhərində, “Crocus City Hall” konsert zalında Məhəmməd Füzulinin eyni adlı faciəsinin motivləri əsasında, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 1908 – ci ildə bəstələdiyi, Azərbaycan milli musiqi mədəniyyətinin incisi hesab olunan “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bununla bağlı, sentyabrın 21 – də Milli Konservatoriyada mətbuat konfransı keçirildi. Konfransda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, gənc xanəndə Arzu Əliyeva iştirak edirdilər. Premyera Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Milli Konservatoriyanın və Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının təşkilatçılığı ilə baş tutacaq.

Oktyabrın 16 - da Moskva şəhərində, "Crocus City Hall" konsert zalında Məhəmməd Füzulinin eyni adlı faciəsinin motivləri əsasında, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 1908 - ci ildə bəstələdiyi, Azərbaycan milli musiqi mədəniyyətinin incisi hesab olunan "Leyli və Məcnun" operası nümayiş olunacaq. Bununla bağlı, sentyabrın 21 - də Milli Konservatoriyada mətbuat konfransı keçirildi. Konfransda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, gənc xanəndə Arzu Əliyeva iştirak edirdilər. Premyera Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Milli Konservatoriyanın və Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının təşkilatçılığı ilə baş tutacaq.

Konfransda çıxış edən Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi Moskvada baş tutacaq premyeranı fövqəladə bir hadisə adlandırdı. " Sovetlər dönəmində Moskvada Azərbaycan mədəniyyət günləri təşkil olunmuşdu. Amma 100 ildən sonra dahi Üzeyir bəyin yaratdığı, ərsəyə gətirdiyi "Leyli və Məcnun" operasının  Moskvada nümayişi bizi çox sevindirir. Moskvada Müslüm Maqomayevin adını daşıyan möhtəşəm zalda Şərqin ilk operasının elə ilk dəfə təqdim olunması qürurverici haldı. "Leyli və Məcnun" operası dünyanın bir sıra ölkələrində nümayiş olunub.  Amma Moskvada baş tutaacaq bu premyera Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyətə malik hadisədi.

Qeyd edim ki, Moskvada 3 milyondan çox azərbaycanlı yaşayır. Bu hadisə orada doğulub böyüyən azərbaycanlı övladlarımız üçün, Moskvada təhsil alan onlarla tələbələrimiz üçün böyük mədəni hadisədi" - deyə, Siyavuş Kərimi qeyd etdi.

Konfransda çıxış edən simfonik orkestrin dirijoru, xalq artisti Yalçın Adıgözəlov bildirdi ki, Üzeyir bəyin adı ilə bağlı olan hər bir layihə müqəddəsdir. "Dünyada 8 milyona yaxın Türk əsilli vətəndaşlar var. Amma Üzeyir bəyin musiqi tarixi üçün etdiklərini heç kim etməyib. Biz çox xoşbəxt xalqıq ki, bizim Üzeyir bəy kimi dahi sənətkarımız var".

6 min tamaşaçı önündə çıxış edəcəklərini xatırladan Yalçın bəy qeyd etdi ki, premyera zamanı Opera və Balet Teatrının orkestr heyəti ilə yanaşı Moskvadakı orkestr heyəti də bizə dəstək olacaq.

Artıq operanın nümayişinə tam hazır olduqlarını bildirən xalq artisti qeyd etdi ki, onlar üçün yeganə çətinlik oktyabrın 16 - sı günü "Crocus City Hall" - a daxil olmalarıdı. " Təsəvvür edin ki, həmin gün həm dekorasiya işləri qurulmalı, həm orkestr məşq etməli, həm də müəyyən mizanlara yenidən nəzər salınmalıdı. Bizim də həmin gün zala daxil olmağımızın yeganə səbəbi isə adıçəkilən konsert salonda hər gün müxtəlif konsertlərin, şouların olmasıdı" - deyə, Yalçın Adıgözəlov qeyd etdi.

"Leyli və Məcnun" operasının rejissoru Hafiz Quliyev çıxışı zamanı qeyd etdi ki, Üzeyir bəy yüksək bir zirvədi və onun adı ilə bağlı olan layihələrin hər bir Azərbaycan mədəniyyətini, milli musiqisinin təbliğinə yönəlir. "Çalışacağıq ki, tamaşa rusiyalı tamaşaçıların yaddaşında Azərbaycan mədəniyyətinə dair gözəl izlərlə qalsın".

Səhnə əsərinin dekorasiyasında müəyyən dəyişikliklərin olacağını bildirən rejissor qeyd etdi ki, opera iki akt və dörd səhnədən ibarət olacaq.

Konfransda çıxış edən xalq artisti Mənsum İbrahimov bildirdi ki, artıq 140 - cı "Leyli və Məcnun" tamaşasında oynamasına baxmayaraq, bu tamaşada daha çox həyacan keçirirəm. Bunu Üzeyir bəyin ruhu qarşısında məsuliyyət kimi dəyərləndirən xalq artisti premyeranın təşkilatçılarına təşəkkür etdi.

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və İncəsənəti studiyasının mətbuat katibi Aytac xanım qeyd etdi ki, hazırda Moskvada "Leyli və Məcnun" operasının premyerasına çox böyük diqqət var. " Leyli və Məcnun" operasını seçməkdə məqsədimiz odur ki, Rusiyada yaşayan qeyri-millətlərin, xalqların nümayəndələri Azərbaycan mədəniyyəti, milli musiqisi haqqında məlumatları olsun. Həmçinin Moskvada yaşayan, orada təhsil alan elə gənclərimiz var ki, vaxt məhdudiyyəti səbəbi ilə Azərbaycana gələ bilmirlər. Bu layihə həm  də onlara milli musiqimizi, mədəniyyətimizi tanıtdıracaq və sevdirəcək.

Ümid edirik ki, premyera uğurla nümayiş olunacaq. Tamaşaçılar iştirakçıları ayaqda alqışlayacaq".

Rusiyada fəaliyyət göstərən media qurumlarının, jurnalistlərin layihə ilə maraqlandıqlarını, öz qurumlarında işıqlandırdıqlarını bildirən Aytac xanım qeyd etdi ki, Azərbaycanın mədəniyyəti, milli musiqisinin təbliği istiqamətində Azərbaycan Mədəniyyəti və İncəsənəti studiyası davamlı layihələr həyata keçirəcək.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31