Mərakeş Krallığı Tərcümə Mərkəzində
İyulun 25-də Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açılıb. Məhəmməd Adil Embarş Tərcümə Mərkəzinin fəaliyyəti barədə çox eşitdiyini söyləyib.
25 İyul 2017 16:14 Mədəniyyətİyulun 25-də Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açılıb.
Məhəmməd Adil Embarş Tərcümə Mərkəzinin fəaliyyəti barədə çox eşitdiyini söyləyib. Ədəbiyyatın xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsü olduğunu vurğulayan diplomat bildirib ki, səfirlik olaraq bu istiqamətdə Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazırıq. "Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm ki, Azərbaycanda və Mərakeşdə qarşılıqlı olaraq bir-birinə böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi-mədəni həyatına dəyərli töhfələr verəcək" - deyə, səfir qeyd edib.
Görüşün sonunda qonağa Tərcümə Mərkəzinin son nəşrlərindən olan ərəb dilində "Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı", "Azərbaycan-ərəb dili danışıq kitabçası" və digər kitablar hədiyyə edilib.