Səmərqənddə “Orta əsr Şərq üləmaları ensiklopediyası” kitabı özbək dilində çap edilib

Səmərqənd şəhərindəki İmam Buxari Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Orta əsr Şərq üləmaları ensiklopediyası” kitabı özbək dilində çap edilib. 612 səhifəlik ensiklopediyanın hazırlanmasında dünyanın 50-yə yaxın ölkəsinin alimləri, şərqşünasları iştirak edib.

Səmərqənd şəhərindəki İmam Buxari Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə "Orta əsr Şərq üləmaları ensiklopediyası" kitabı özbək dilində çap edilib. 612 səhifəlik ensiklopediyanın hazırlanmasında dünyanın 50-yə yaxın ölkəsinin alimləri, şərqşünasları iştirak edib.

Nəfis şəkildə çap edilən ensiklopediyada 650 Şərq alim, filosof və mütəfəkkirlərinin həyat və yaradıcılıqları haqqında məlumat verilir.

Kitabda Azərbaycan filosofu Yusif Qarabağinin həyat və yaradıcılığı haqqında da söhbət açılır.

Kitabda bildirilir ki, Azərbaycan filosof və teoloqu Yusif Qarabaği Azərbaycanın Qarabağ mahalında təxminən 1562-1563-cü illərdə ruhani ailəsində doğulub. Yeniyetmə çağlarında atası onu Şirvana mədrəsədə təhsil almağa göndərir, orada müəyyən müddət qalır, Şirvan üləmalarından və alimlərindən dərs alır. Şirvandakı müəllimləri Yusif Qarabağinin elmlərə dərin marağını görüb onu İrana, dövrün böyük filosofu Mirzəcan Şirazinin yanına göndərirlər. Yusif Qarabaği Mirzəcan Şirazidən riyaziyyat, astronomiya, tibb və digər elmləri öyrənir, fəlsəfə sahəsində daha çox tanınır.

Qeyd olunur ki, Yusif Qarabaği müəllimi Mirzəcan Şirazi ilə birgə əvvəl Səmərqəndə, sonra isə Buxaraya gedir, burada sayılıb-seçilən alimlərin sırasına düşür. Onlar ömürlərinin sonuna kimi burada yaşayır, burada da torpağa tapşırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31