Azərbaycanlı aktrisa oğlunu qoyub Türkiyəyə köçməsinin səbəblərindən danışdı
Azərbaycanlı aktrisa Könül Nagiyeva Türkiyənin məşhur “Haberler.com” saytına müsahibə verib. Aktrisa karyerası və gələcək planlarından danışıb. O, “Tərkedilmiş” adlı filmiylə hədəfə doğru yola çıxdığını deyib.
30 İyun 2017 14:33 MədəniyyətAzərbaycanlı aktrisa Könül Nagiyeva Türkiyənin məşhur "Haberler.com" saytına müsahibə verib. Aktrisa karyerası və gələcək planlarından danışıb. O, "Tərkedilmiş" adlı filmiylə hədəfə doğru yola çıxdığını deyib. K.Nagiyeva ən böyük məqsədinin beynəlxalq layihələrdə yer almaq olduğunu ifadə edib:
"Sadəcə məşhur olmaq üçün deyil, aktrisa kimi təcrübə qazanmaq və özümü bu sənətdə təsdiq etmək istəyirəm. Nə qədər çox ölkədə, ayrı-ayrı qruplarda çalışsan, bu sənətdə bir o qədər inkişaf edərsən. Təbii ki, birinci növbədə təhsil aldım, özümü inkişaf etdirmək üçün səy göstərirəm, özümə sərmayə qoyuram. Amma ən əhəmiyyətlisi təcrübədir. Nə qədər fərqli ölkələrdə çalışsam, nə qədər müxtəlif layihələrdə yer alsam, təcrübən də bir o qədər artır. O səbəbdən Azərbaycanda qalmaq istəmədim. Türkiyədə "Tərkedilmiş" və "Qız qaçıran" filmlərində oynamışam. Bundan sonra Türkiyəyə köçməyə qərar verdim. Çünki Türkiyə bu sahədə çox daha inkişaf edib. Yavaş-yavaş irəliləyərək, Azərbaycandan Türkiyəyə, Türkiyədən də başqa ölkələrdə kino sahəsində imzamı qoymaq istəyirəm".
Azərbaycanlı ulduz müsahibəsində Avstraliya, Britaniya birgə istehsalı olan bir filmdə baş rolu canlandıracağını da vurğulayb:
"Film 2018-ci ildə çəkiləcək. Əslində bu il çəkiləcəkdi, amma böyük büdcəli layihə olduğu üçün təxirə salınıb. Müqaviləmi imzaladım, rolumu aldım. İndi çəkilişlərin başlanmasını gözləyirəm. Sonrası hələ məlum deyil. Harada, hansı layihələrdə iştirak edəcəyimi bilmirəm. Amma onu demək istəyirəm ki, mən peşəmə aşiqəm. Peşəm üçün çox fədakarlıqlar etmişəm. Ölkəmi dəyişmişəm. 9 yaşında bir oğlum var. Türkiyədəki layihələrim səbəbindən iki ildir ki, ondan ayrı qalmaq məcburiyyətində oldum. Təbii ki, mütəmadi olaraq görüşürük. Bu, mənim üçün çətin dövr oldu. Oğlum bu yay yanıma köçəcək. Ayrılıq problemini aradan qaldıracağıq. Başqa bir ölkədə, sıfırdan başlayaraq, öz ayaqlarım üstündə dayanmaq üçün çox çalışdım. Təbii ki, bu mənim seçimim idi. Məcburiyyət qarşısında etmədim. Sevə-sevə, içimdəki peşəmə olan məhəbbətlə Türkiyədə işimi davam etdirirəm".
Aktrisa köhnə filmləri çox sevdiyini də ifadə edib:
"Köhnə filmləri sevirəm. İndi də çox gözəl filmlər çəkilir. Mənim hədəfimdə ya Rusiyaya getmək, ya da Türkiyə vardı. Mən Türkiyəni seçdim. Türkiyəyə olan məhəbbətim tamamilə fərqlidir. Türk kinosu irəliyə doğru gedir. Azərbaycan kinosunun vəziyyəti Türkiyənin on il əvvəlki vəziyyəti ilə eynidir. Türk kinosu da Avropa kinosuna görə bir qədər geridə qalır. Amma bir çox ölkələrdə baxılır, bu da sevindirici haldır". Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.