ADMİU-da elmi-nəzəri konfrans
18 May 2017 17:03 MədəniyyətMədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı "Azərbaycanşünaslığın aktual problemləri: əsas iqtiqamətləri və perspektivlər" adlı elmi-nəzəri konfrans keçirilib.
Universitetdən "Olaylar" - a bildirilib ki, konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq qeyd edib ki, təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Heydər Əliyev göstərirdi ki, bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaqdır.
Konfransda TWINNING proqramı çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Vyana şəhəri işçi Nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları ilə Universitetimizin təhsil və təcrübənin vəhdəti olan silsilə tədbirlərin və TWINNING müşaviri Herbert Paulişin ustad dərslərinin həyata keçirildiyi vurğulanıb.
Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, Əməkdar jurnalist, filologiya elmləri doktoru Aqşin Babayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, professor Buludxan Xəlilov və şair, dramaturq Nəriman Həsənzadə Azərbaycanşünaslığın aktual problemləri mövuzusuna dair fikirlərini bölüşüb, konfrans iştirakçılarına uğurlar və müvəffəqiyyətlər arzulayıblar.
"Azərbaycanşünaslığın fəlsəfi əsasları" və "Azərbaycan mədəniyyətinin müasir mərhələləri" adlı iki bölmədə keçirilən konfransa on dörd ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil alan yerli və əcnəbi tələbələr "Azərbaycanşünaslıqda multikulturalizmin aspektləri", "Azərbaycanda kino çəkilişi", "Azerbaycan müziği", "Привет из Карабаха", "Ümummilli lider Heydər Əliyevin demokratik Azərbaycan multikulturalizm siyasəti" və "Müstəqillik dövründə səhnə və ekran sənətinə danışıq janrının problemləri" mövzusunda məruzələr ilə çıxış ediblər.