Muğam Mərkəzində yeni layihənin ilk konserti - Rast muğamı
17 May 2017 16:57 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində yeni möhtəşəm layihənin ilk konserti keçirildi: Rast muğamı
Muğam Mərkəzinin "Muğam axşamları" adlı yeni layihəsi çərçivəsində ilk tədbiri baş tutdu. Konsertdə "Rast" muğamı səsləndi.
Mərkəzdən "Olaylar" - a bildirlib ki, gecəni giriş sözü ilə açan Milli Konservatoriyanın prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova tamaşaçılara muğam layihələrinin böyük rolu haqqında danışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalını ən parlaq layihə olduğunu vurğuladı.
Sonra "Muğam axşamları" möhtəşəm layihə haqqında məlumat verdi və "Rast" muğamının tarixi, nəzəriyyəsindən danışdı. Lalə Hüseynova bildirdi ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq klassik muğam dəstgahlarını tamaşaçılara xatırladır və göstərir: "Bu yolla Mərkəz ənənələri qoruyaraq tamaşaçılar həm muğamın klassik formasını, həm də musiqiçilərimizin improvizələrini dinləmək şansı olur. Layihəyə tanınmış xanəndələr, trio və xalq çalğı alətlərindən ibarət ansambllar dəvət olunub."
Konsertdə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan-MR -in əməkdar artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov Məlikov Rast muğamının müxtəlif şöbələrini ifa etdilər. Onları Rast instrumental ansamblı müşayət edirdi. Ansamblın bədii rəhbəri Xanlar Cəfərov (qarmon), Elman Sadıqov (tar), Şəhriyar Musayev (kamança), Qulammirzə Mirzəyev (klarnet), Əmrah Orucov (ud), Qalib Aşımov (bas-tar), Mətanət Cəbrayılova (qanun), Simran Cəfərov (skripka), Qulam Süleymanov (nağara), Elxan Ərəbov (qərb alətləri), Mehman Məmmədov (zərb), Fəqan Ələsgərov (balaban).
Layihə 30 iyuna qədər davam edəcək və növbəti konsert 23 may saat 19:00-da keçiriləcək. Konsertdə "Şur" muğamı səslənəcək.