Şərif Ağayar məktəblilərlə görüşdü
16 May 2017 14:48 MədəniyyətMayın 16-da Buzovnada yerləşən Laçın rayonu Quşçular tam orta məktəbində yazıçı Şərif Ağayar öz həmyerlilərinin qonağı olub. Görüş Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı əsasında "İmzalı görüş" layihəsi çərçivəsində reallaşıb.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sabir Mirzəyev açaraq, qonaqları salamlayıb və onları müəllim və şagirdlərə təqdim edib. Sonra söz Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıya verilib. Ramilə xanım Şərif Ağayarın yaradıcılığından danışaraq tədbir iştirakçılarını məlumatlandırıb. Məktəblilərin suallarını cavablandıran yazıçı yeniyetmələrə ədəbiyyatla, mütaliə ilə bağlı məsləhətlərini verib.
Yazıçı Şərif Ağayar "Olaylar"-a görüş haqqında təəssüratını bölüşüb. "Rəngarəng duyğular keçirdim. Laçının işğalının ildönümü ərəfəsində bu görüş ikiqat təsirli idi. Şəraitsiz bir yerdə əməlli-başlı təhsil ocağı yaradıblar. Uşaqların gözlərinə baxanda bütün çətinliklərə baxmayaraq gələcəyə inamım artdı. Orda təsadüfən bir qohumumun uşağı ilə rastlaşdım. Məni qiyabi tanıyır, heç vaxt görməmişdi. Burda doğulanlardandır". - deyə, yazıçı bildirib.
Sonda yazıçı imzalı kitablarını hədiyyə edib.