Tarixi Muzeyində “Muzeylər: müasir tendensiyalar”
16 May 2017 12:06 Mədəniyyət16 may Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin AMEA - nın Tarixi Muzeyi ilə imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən həmin muzeyin konfrans zalında 18 may - Beynəlxalq Muzeylər gününə həsr olunmuş "Muzeylər: müasir tendensiyalar" adlı konfrans keçiriləcək.
Mərkəzdən "Olaylar" - a bildirlir ki, konfransı Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev açacaqlar.
Tədbirdə " Muzey və bədii təhsil " adlı məruzə ilə Azərbaycan Turizm və Menecment Universitetinin " İctimai fənnlər " kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarova, " Mədəni irsin muzeydə interpretasiyasına kulturoloji yanaşma " adlı məruzə ilə həmin kafedranın baş müəllimi Sevil Kərimova, " Muzey işinin təşkilində muzey menecmentinin tətbiqi " adlı məruzə ilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri Əli Fərhadov " Milli Azərbaycan Tarixi Muzeyində islam mədəniyyətinin təbliğinə dair: Corci Zeydan nümunəsi " və Sahibə Ələkbərova " İşğal altında qalmış mədəni irsimiz " adlı məruzələr ilə, "Regional muzeylərin müasir vəziyyəti və perspektivlər" adlı məruzə ilə Şirvan tarix-diyarşünaslıq muzeyinin direktoru Gülşən Vəliyeva, " Muzeylərdə marketinq işinin təşkili " adlı məruzə ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Strateji araşdırmalar sektorunun müdiri Pakizə Almazova çıxış edəcəklər.
Konfrans çərçivəsində qabaqcıl muzey işçilərinin Metodiki Mərkəz tərəfindən Fəxri diplomla təltif oluması nəzərdə tutulub. Eyni zamanda mövzu ilə bağlı tədbir iştirakçıları tərəfindən Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə müraciət məktubu da imzalanacaq.