Həsən Əliyevin kolleksiyası MEK - ə təqdim edildi
14 May 2017 14:00 MədəniyyətAMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə əməkdar elm xadimi, akademik, dövlət mükafatı laureatı Həsən Əliyevin kolleksiyasının təqdimatı keçirildi.
MEK - dən "Olaylar" - a bildirilib ki, təqdimatı giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bu cür tədbirlərin MEK-də müntəzəm şəkildə keçirildiyini dedi. Onun sözlərinə keçirilən təqdimatlar kitabxanaya bağışlanan kolleksiyaların, ziyalıların əsərlərinin, fondlarda qorunan incilərin ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.
MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı, təqdimatçı Reyhan Məmmədova akademik Həsən Əliyevin həyat və yaradıcılığı barədə slayd vasitəsilə məlumat verərək, alimin Azərbaycan elmi üçün gördüyü işlər barədə geniş çıxış etdi. Bildirdi ki, kolleksiya MEK-ə 21 oktyabr 2016-cı il tarixində AMEA Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilib. Kolleksiyaya 488 nüsxə ədəbiyyat daxildir. Bunlardan 410 nüsxə rus dilində, 73 nüsxə Azərbaycan dilində, 5 nüsxə isə xarici dildədir. Kolleksiyanın tərkibində müxtəlif elm sahələrinə aid kitablar vardır. Bunlardan fizika, biologiya, riyaziyyat, geologiya, coğrafiya və s. elm sahələrinə dair kitablardır. Kolleksiya həm elektron, həm də ənənəvi kataloqa daxil edilib, "Yer elmləri üzrə yardımçı fond"da yerləşdirilərək oxucuların istifadəsinə verilib.
AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov tarixi bənzətmə edərək Həsən Əliyevin doğulduğu 1907-ci ilin ilk təbiətşünas alim Həsən bəy Zərdabinin vəfat etdiyi ilə təsadüf etdiyini vurğulayıb. Onun sözlərinə görə bir alimin həyatdan getməsindən sonra onun yerinə digər bir alim dünyaya gəlib ki, bu da Azərbaycan elmi üçün bir lütf olub. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova bu təqdimatların 2016-cı ilin mart ayından başlayaraq həftədə bir dəfə, son zamanlar isə bir neçə dəfə həyata keçirildiyini bildirdi. L.İmanova təqdimatların məqsədinin kitabxananın fondlarında mühafizə olunan materialları mümkün qədər geniş istifadəçi kütləsinə təqdim etmək, araşdırmaçıların ixtiyarına vermək olduğunu dedi. Təsəvvüründə alimin əlçatmaz bir şəxsiyyət olduğunu bildirən direktor çıxışlardan sonra Həsən Əliyevin böyük insani və şəxsi irs qoyub getdiyini dedi. AMEA Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov akademik Həsən Əliyevlə 1978-ci ildən sonra, ekspedisiyada olarkən tanış olduqlarını və bir alim kimi ondan çox şey öyrəndiklərini dilə gətirdi. BDU Coğrafiya fakültəsinin dekan müavini Ramiz Əhlimanov ali təhsil aldığı dövrlərdə alimi tanıdığını deyərək, onun xeyirxahlıqlarını dilə gətirdi. Çıxışçı, Həsən Əliyevə həsr etdi "Xeyirxahlıq çövhəri" adlı məqaləsi barədə danışdı.
BDU-nun professorları Yaqub Qəribov, Şövqü Göyçaylı, Tapdıq Həsənov, AMEA Coğrafiya İnstitutunun əməkdaşları Habil Haqverdiyev, Zahid Əhmədov, İsmayıl Quliyev alimin vətənpərvərliyindən, azərbaycanlı gəncləri Coğrafiya İnstitutunda elmi fəaliyyətə cəlb etməsindən, Bakı Dövlət Unversitetində SSRİ-də dördüncü təbiətşünaslıq kafedrasını yaratmasından, Azərbaycan elminə və ictimaiyyətinə misilsiz xidmətlərindən danışdılar. Əməkdar artist, AzTV-nin əməkdaşı Dilarə Səlim MEK-ın ənənəvi təqdimatlar təşəbbüsünü yüksək qiymətləndirərək, şəxsiyyətlərin insani keyfiyyətlərinin ortaya çıxarılmasında bunun gözəl bir addım olduğunu, Həsən Əliyevi bu təqdimat vasitəsilə daha yaxşı tanıdığını dilə gətirdi.