Yaponiyalı musiqiçi Xoreoqrafiya Akademiyasında

Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəylinin təşəbbüsü ilə yaponiyalı musiqi tədqiqatçısı, türk və Azərbaycan xalq musiqisinin, saz və tar kimi musiqi alətlərinin mahir təbliğatçısı KiyoshiOhira Xoreoqrafiya Akademiyasının qonağı olub. Akademiyadan "Olaylar" - a bildirilib ki, qonağı ilk öncə Akademiyanın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti Tarana Muradova qəbul edib. Görüşdə Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli, Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Abulfaz S. Babazadeh, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisisi, filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyeva da iştirak ediblər.

Daha sonra qonaq Akademiyanın Milli rəqs kafedrasının müdiri, əməkdar artist Sanan Hüseynlinin, əməkdar artist Səbinə Qasımovanın dərslərində iştirak etdi.

Görüşün davamında qonağa kiçik konsert proqramı da təqdim edildi. Konserti giriş sözü ilə açan Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli qonağın tar ifaçılığı ilə maraqlandığına görə onun üçün sırf tar aləti ilə musiqi nömrələrinin hazırlandığını qeyd etdi. Azərbaycan xalq çalğı aləti olan tarda ifanı Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə təqdim etdi. Görkəmli Azərbaycan tarzəni Mirzə Mansurun tələbəsi olan və Azərbaycanın ilk tarzən xanımlarından olan Sitarə xanım Qasımova-Abdullayevanın nəvəsi və yetirməsi olan Ə. Babazadənin ifasında Səid Rüstəmovun "Oxu tar", Tofiq Quliyevin "Qəmqin mahnı", Vasif Adıgözəlovun "Qərənfil" və digər əsərlər səsləndirildi. Yaponiyalı qonaq görüşün təşkilatçılarına minnətdarlığını bildirərək, bu cür görüşün Yaponiyada da keçiriləcəyinə ümidvarlığını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31