“Gənc muzeyşünaslar və muzeysevərlər” klubu açıldı
4 May 2017 19:15 MədəniyyətAzərbaycanın mədəni irsinin qorunub saxlanması, bütün dünyaya çatdırılması missiyası Tarixi Muzeyinin əsas məqsəd və vəzifələrindən biridir. Bu istiqamətdə Muzeydə növbəti maarifləndirici klubun açılışı oldu. Muzeydən "Olaylar" - a bildirilib ki, klubun ideya müəllifi və layihə rəhbəri Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır. "Gənc muzeyşünaslar və muzeysevərlər" klubunun yaradılmasının məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc muzeysevərlərə çatdırmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq klubun yaradılmasının əhəmiyyətindən və Azərbaycanda muzey işinin inkişafından bəhs etdi.
Sonra S.Ələkbərova klubun məqsəd və vəzifələrindən danışaraq, məşğələlərin keçirilməsinin şərtləri haqqında iştirakçıları məlumatlandırdı.
Mədəniyyət və İncəsənət Universitetinin "Muzeyşünaslıq kafedrası"nın müdiri, dosent Yeganə Eyvazova və dosent Elfira Məlikova-Qurbanova da çıxış edərək muzeyşünaslığın tarixi haqqında ətraflı məlumat verdilər.