Tanrılar torpağında təsirli anım konserti

Yunanıstan paytaxtı Afina şəhərində "Lillian Voudouri" Böyük Musiqi Kitabxanasının Megaron Konsert Zalında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Strasburq ofisi və Azərbaycanın Yunanıstan Respublikasındakı səfirliyi tərəfindən "Xocalıya Ədalət !" beynəlxalq təbliğat kampaniyası çərçivəsində anım konserti təşkil edilib. Cəmiyyətdən "Olaylar" - a bildirilib ki,  tədbirdə 1992-ci il 26 fevral tarixində Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Yunanıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev qeyd edib ki, "Necə ola bilər ki, 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş qanlı hadisə kimi dəhşətli bir cinayət baş versin, lakin heç vaxt tanınmasın? Cavab sadədir: Ermənistan Azərbaycan xalqına qarşı 20-ci ərs ərzində törətdiyi cinayətlərə görə heç vaxt məsuliyyət daşımayıb. Fürsətdən istifadə edərək mən sizə və sizin vasitənizlə Yunanıstan Respublikasının vətəndaşları və parlament üzvlərini "Xocalıya ədalət !" beynəlxalq kampaniyasından kənarda qalmamağa və onu dəstəkləməyə çağırıram".

Yüz əlli nəfərdən artıq siyasətçi, ictimai xadimlər, diplomatlar və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzinin prezidenti İoannis Papaqriqoriou və Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin rəhbəri Eliza Piter bildiriblər ki, bu axşam keçirilən tədbir insanın qeyri-insani ola biləcəyini və müharibənin dəhşətli nəticələri ola biləcəyini xatırlamağa yardım edir. Bu, qisasa çağırış deyil, ədalətə çağırışdı.

"Xocalı 613" simfonik poemasının müəllifi, fransız bəstəkarı Pyer Tilloy söz alaraq yaratdığı əsərin yaranma tarixçəsindən bəhs edərə bildirib ki, "Son 20 il ərzində Azərbaycana dəfələrlə səfərlər etmişəm. Belə olanda, təbii ki, çoxlu dostlar əldə edirsən. Dostluq yalnız dostunun sevincini deyil, kədərini də bölüşmək deməkdir. Buna görə də hiss etdim ki, Xocalı faciəsi haqqında yazmalıyam. Bu parçanı - "Xocalı 613" əsəri üzərində çalışanda mən sanki bir quş olub 26 fevral 1992-ci ildə həmin faciəli gecədə Xocalı üzərində uçurdum və hər şeyi görürdüm və bunları musiqi vasitəsilə ifadə edirdim".

Tədbir "Rhein-Quartett" kamera ansamblının qərb və azərbaycanlı bəstəkarlarının əsərlərini ifa etməklə davam edib. Özü Birinci Dünya müharibəsinin qurbanı olmuş bəstəkar Enrike Qranadosun "Orientale" (ispan üslubunda kompozisiya), Əfrasiyab Bədəlbəylinin duyğusal "Azad Bir Quşdum", Xəyyam Mirzəzadənin həzin "Bərzəni" adlı əsərləri çox ecazkar şəkildə ifa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31