"Cancodo" rəqs qrupu Akademik Milli Dram Teatrında çıxış edəcək
28 Fevral 2017 10:10 Mədəniyyət
Əlilliyi olan və olmayan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblının iki hissəli valehedici tamaşasını izləmək istəyənlər 7-8 mart tarixlərində, saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrına dəvət olunurlar. Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Azərbaycan Dövlət Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.
"Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdı. Fəaliyyətinin 25 illiyini qeyd edən "Candoco" fiziki baxımdan bu günə qədərki ən fəal iki hissəli tamaşasını təqdim edir: "Beheld" (Bax) və "Set and Reset/Reset" (Qur və Yenidən qur).
Aleksandr Uitli cəsarətli və virtuoz xoreoqrafiyası sayəsində qısa müddət ərzində şöhrət qazanmış bir xoreoqrafdı. Onun "Candoco" rəqs ansamblı üçün hazırladığı "Beheld" tamaşası alman bəstəkar Nils Framın Rutger Zuydervelt tərəfindən yenidən hazırlanmış valehedici partiturası əsasında nəhəng parça zolaqları ilə rəqs edən heyranedici ansambl və güclü duetlərdən təşkil olunub.
"Set and Reset/Reset" imkanların meydana çıxmasını ifadə edir, belə ki, ansamblın rəqqasları Trişa Braunun məşhur "Set and Reset" rəqsinin yeni versiyasını yaradıb. Rəqsin orijinal versiyası ilk dəfə 1983-cü ildə Nyu-Yorkda Bruklin Musiqi Akademiyasında nümayiş etdirilib və 2011-ci ildə Trişa Braun ansamblı ilə birlikdə "Candoco" tərəfindən yenidən səhnələşdirilib.
Rəqs ansamblının Bakı şəhərindəki çıxışları "Candoco" xoreoqraflarının "inklüziv müasir rəqs" mövzusuna həsr edilən praktik ustad dərsləri ilə müşayiət olunacaq. Ustad dərslərinin vaxtı və məkanı tezliklə élan olunacaq.
Qeyd edək ki, tamaşadan bir gün əvvəl, martın 6-da British Council Yarat ilə birlikdə əlilliyi olan insanların çalışdığı təşkilatlar və əlilliyi olan şəxslər üçün Birləşmiş Krallıq və Azərbaycan təcrübələrini bölüşmək, eləcə də inklusiv mədəniyyət mövzusunda gələcək addımları müzakirə etmək məqsədilə seminar və dəyirmi masa təşkil edəcək.
Candoco tamaşaları üçün biletlərin qiyməti 6 AZN-dir və biletləri Bakı şəhərinin kassalarından əldə edə bilərsiniz.