“Sabahın alimləri” mükafatlandırıldı
17 Fevral 2017 17:48 MədəniyyətTəhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "İntel" şirkəti tərəfindən birgə təşkil olunan "Sabahın alimləri" altıncı respublika müsabiqəsi başa çatdı.
"Olaylar" bildirir ki, fevralın 17-də AMEA-nın əsas binasında müsabiqənin yekununa həsr olunan tədbir keçirildi. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov məlumat verib ki, "Sabahın alimləri" müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 302 şagird 125 elmi layihə ilə (onlardan 48-i fərdi, 77-si isə kollektiv layihədir) iştirak edib. IX-XI sinif şagirdlərinin qatıldıqları müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb.
Qeyd edək ki, müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdi.
Tədbirin sonunda qaliblərə diplom, medal və pul mükafatı verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun hədiyyələrini 1-ci yerin qaliblərindən olan iki şagirdə Fondun icraçı direktoru Oktay Səmədov təqdim edib.