Gənc aşıqlara fəxri diplomlar təqdim edildi
27 Yanvar 2017 10:54 MədəniyyətÖtən gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Folklor ənənələrinin inkişafına dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Gəncləşən sazım" adlı tədbir keçirilib.
İctimai Birliyin sədri Aşıq Fəzail Misginli aşıq sənətinin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirin məqsədi xalqımızın əsrlərboyu qoruyub saxladığı və inkişaf etdirdiyi aşıq sənətini təbliğ etməkdi.
Qeyd edək ki, layihə aşıq sənətinin bölgələrdə geniş yayılmasını təşkil etməklə sənətə yeni simaların gəlməsinə, gənclərdə bu sənətə marağın artırılmasına və istedadların üzə çıxarılmasına dəstək verilməsinə yönəlib.
Tədbirdə 15-30 yaş həddində aşıqların ifasında "Yanıq Kərəmi", "Baş sarıtel", "Misri", "Şəşəngi", "Dilqəmi", "Qəhrəmani", "Şirvanmüxəmməsi", "Naxçıvan gözəlləməsi", "Cəlili", "Orta sarıtel", "Kərəm gözəlləməsi", "Hüseyni", "Baş müxəmməs" havaları səsləndirilib.
Sonda gənc aşıqlara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları təqdim olunub.