Mədəniyyət Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı konsert proqramı ilə qonaq olub
Ötən gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı konsert proqramı ilə qonaq olub.
25 Yanvar 2017 14:21 MədəniyyətÖtən gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Milli Kamera ansamblı konsert proqramı ilə qonaq olub.
Ansamblın bədii rəhbəri kaman ustası Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Arzu Səlimovanın çıxışından sonra konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Musiqi proqramında simli alətlərdən istifadə olunub. Simli alətlər kamança, çaqanaq, bəm çaqanaq, yaylı rübab, yaylı qopuz, pikkolo kamança, alt kamança, bəm kamança, kamanolla, viola kamança, kamançello və bariton kamança musiqi alətləri ilə musiqilər səslənib.
Proqramda Ü.Hacıbəylinin "Himni", T.Hacıyevin "Könlümün yadigarı", xalq mahnısı "Evləri var xana-xana", F.Əmirov "Kor ərəb", E.İbrahimova "Gəl barışaq", Ə.Məmmədov "Mənim Azərbaycanım", xalq mahnısı "Ağacda alma", Ü.Hacıbəyli "Arazbarı", R.Hacıyev "Azərbaycanım" və Vladimir Kasma "Sirba" musiqisi ilə mahnılar ifa edilib.
Tədbirdə həmçinin, 2013-cü ilin Azərbaycan Televiziyasının muğam müsabiqəsinin qalibi Babək Quliyev, 2015-ci ilin Azərbaycan Televiziyasının muğam müsabiqəsinin laureatı Türkay Məlikova və muğam ustadı Mirməmməd Mircavadov çıxış ediblər.
Tədbirdə qonaq qismində fizika-riyaziyyat və informatika təmayüllü liseyin yuxarı sinif şagirdləri iştirak ediblər.