“Qətl edilmiş uşaqlar” - 29 uşaq Ermənistan hərbçiləri tərəfindən girov götürülüb
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.
23 Yanvar 2017 15:11 MədəniyyətÖtən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda, Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə çap olunan "Qətl edilmiş uşaqlar" kitabının təqdimat mərasimi keçirilib.
Nəşrin ideya müəllifi Faiq Şükürbəyli, müəlliflər Nəsimi Faiqoğlu və İlkin Şükürbəylidi.
Tədbiri AYB sədri, Xalq yazıçısı Anar açaraq yeni nəşrin əhəmiyyətindən danışıb, erməni vəhşətinin ifşa edilməsində oynaya biləcəyi rolu vurğulayıb: "Mən bu kitabı çox böyük ürək ağrısı ilə oxudum. Müharibə bəzi hallarda qaçılmazdır. Ancaq elə şeylər var ki, nə müharibə, nə də insan əxlaqına sığışmır. Diri-diri yandırılan, başı kəsilən insanların yaşadığı müsibəti təsəvvür etmək mümkün deyil".
AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca kitabda ermənilərin mənfur xislətinin bariz şəkildə əks olunduğunu deyib: "Kitabda ermənilərin vəhşilikləri ilə bağlı hər şey var. Ermənilərin xisləti həm mətnlərdə, həm foto faktlarda aydın şəkildə göstərilib".
Xalq şairi Nəriman Həsənzadə kitabın müxtəlif dillərə tərcüməsinin zəruri olduğunu nəzərə çatdırıb: "Bu kitab Azərbaycan xalqına xidmətdi və xarici dillərə, hətta erməni dilinə də tərcümə olunmalıdır. Qoy özləri də görsünlər ki, nə vəhşiliklər törədiblər. Bundan başqa kitaba düşməyən bəzi şəkillər də əlavə edilməlidir. Bir çox vəhşiliyin foto sübutları yoxdu. Onların isə rəsmlərinin əllə çəkilməsi, kitabdakı mətnlərə artırılması lazımdı".
Faiq Şükürbəyli də nəşrlə bağlı fikirlərini bölüşüb: "Məlumdur ki, kitabdakı faktların toplanması, kitabın tərtibi çox böyük zəhmət bahasına başa gəlib. Hər sətrindən qan damlayan kitabı həyəcansız oxumaq mümkün deyil. Kitabın hazırlanmasında məqsəd budur ki, qoy özlərini yazıq kimi göstərən ermənilərin xisləti, iç üzləri açılsın. Törətdikləri qətliamlar dünya ictimaiyyətinə çatdırılsın".
Daha sonra Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov qeyd edib ki, erməni vəhşiliklərinin dünyaya göstərilməsində gənc yazarların da üzərinə böyük yük düşür: "Ermənilər tərəfindən xalqımıza qarşı törədilən qətliamlar barədə komissiyamızda xeyli sayda material var. Mən yazıçılarımızı komissiyanın arxivi ilə tanış olmağa, sənədlərdəki həqiqətləri bədii və publisistik şəkildə qələmə almağa dəvət edirəm".