Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Opera və Balet Teatrında
Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib.
18 Yanvar 2017 16:31 MədəniyyətYanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin "Şelkunçik" baletinin premyerası keçirilib.
Bakı Xoreoqrafiya Akademiyası 90 illik tarixi ərzində ilk dəfə olaraq təhsil müəssisəsinin tələbə və şagirdlərinin iştirakı ilə tamaşa nümayiş etdirir. Akademiyadan "Olaylar" - a verilən məlumata görə tədris tamaşasının məqsədi Azərbaycanda klassik rəqs və balet irsinə marağın artırılması, balet sənətinin təbliği və bütövlükdə xoreoqrafiya sənətinin inkişafına töhfə verməkdi.
Beynəlxalq müsabiqələr laureatı, Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarə etdiyi tamaşanın quruluşçu baletmeysteri Əməkdar Müəllim Pellumb Aqalliyay, bədii rəhbəri Xalq Artisti Kamilla Hüseynovadı.
Baletmeyster-repetitorlar arasında BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənova, BXA-nın "Klassik rəqs" kafedrasının müdiri, əməkdar mədəniyyət işçisi, baş müəllimi Mayra Almaszadə, BXA-nın Klassik rəqs kafedrasının müəllimi, əməkdar mədəniyyət işçisi Sergey Boqdanov, BXA-nın Klassik rəqs kafedrasının baş müəllimi, əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya, BXA-nın Kollecinin direktor müavini Yekaterina Mustafayeva da vardı.
Tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Murad Kərimov, Dinara Şirinova, Mikayıl Həsənzadə, Fatimə Xəlilova, Sübhan Abışov, Nurlan Rəsulov, Seymur Qədiyev, Arzu Əsədova, Mətanət Rəcəbli, Ləman Nəbiyeva, Gülanə Əsgərova, Əsmər Mövsümova, Liana Praqa, Rafael Atayev, Surac Qurbanov, Rifan Qəhrəmanov, Ümid Zülfiqarov, Nicat Teymurlu, Azər Pənahov, Fatima Xələfova, həmçinin şagirdlər - Maksim Lobaçov, Nərgiz Abdullayeva, Aza Nurullayeva, Nəzrin Adıyeva, Aydan Hüseynova və Roza Zeynalova iştirak ediblər.
"Şelkunçik" baleti rus bəstəkarı P.İ.Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaumun yeni il hədiyyəsi kimi aldığı oyuncaqla bağlı yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə Sankt-Peterburqda səhnələşdirilən "Şelkunçik" baleti, yeni il şənlikləri ilə eyniləşdirilib və bu adət halını alıb. "Şelkunçik" dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridi.