Rafael Dadaşov mükafatlandırılıb
3 Fevral 2016 16:08 MədəniyyətXalq artisti Rafael Dadaşov 70 illik yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, görkəmli aktyor, Prezident təqaüdçüsü Rafael Məlik oğlu Dadaşov ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edib. O, 1946-cı il yanvarın 4-də anadan olub. 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. O, tamaşalarda maraqlı obrazlar yaradıb. Rafael Dadaşov 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakı ilə N.Qoqolun "Müfəttiş" əsərinin tamaşası nümayiş olunacaq.