Zərnigar Ağakişiyeva mükafatlandırılıb
3 Fevral 2016 15:15 MədəniyyətXalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyeva anadan olmasının 70 illiyi və teatr sənəti sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, ömrünün 40 ildən çoxunu sənətə həsr edən Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb. 1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb. Aktrisa həmçinin müxtəlif televiziya tamaşalarında ("Atayevlər ailəsi", "Mehmanxana sahibəsi" və s.), filmlərdə ("Dantenin yubileyi", "Qəm pəncərəsi", "Təhminə", "Yuxu" və s.) yaddaqalan obrazların, xarakterik rolların ifaçı kimi tamaşaçılar tərəfindən sevilib. Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.