Aktyor 64 yaşlı keçmiş həyat yoldaşının evlilik proqramına qatılmasında niyə Brilliant Dadaşovanı günahlandırır?
1 Fevral 2016 15:31 MədəniyyətYerli şou-biznes aləmində baş verən hər hansı yeni bir hadisə artıq heç kimi təəccübləndirmir, desək yanılmarıq. Gün.Az xəbər verir ki, kim-kiminlə dalaşdı, kim-kiminlə sevgili oldu, kimin bahalı malikanəsi, ya da avtomobili var və sair və ilaxır kimi söhbətlər adiləşib. Son günlərin müzakirə mövzusuna çevrilən məqamlardan biri də məşhur Dadaşovlar ailəsində baş verənlərdir. Belə ki, bu günlərdə mətbuatda xalq artistləri - aktyor Rafael Dadaşovun keçmiş həyat yoldaşı, müğənni Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova Türkiyənin "Fox" telekanalında yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılıb. S.Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid ediblər.
Məsələnin maraqlı tərəfi isə S.Dadaşovanın keçmiş həyat yoldaşı Rafael Dadaşovun mətbuata verdiyi açıqlama olub. Aktyor "Sədaqətin o boyda tanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib" - deyə bildirib.
Görəsən nə baş verir? Həmişə efirlərdə mehriban görünən bu ailənin arasından olmaya "qara pişik keçib"? Deyilənlərə görə, hazırda B.Dadaşova ilə R.Dadaşov hətta küsülüdürlər. Məsələnin əslində nə yerdə olduğunu isə müəyyənləşdirmək mümkün deyil.
Bununla bağlı B.Dadaşovanın fikirlərini öyrənməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Müğənni zənglərimizə cavab vermədi.