"Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri”
1 Fevral 2016 13:26 MədəniyyətTürkiyədə qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab dərc olunub. "Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri" adlı bu dəyərli əsərin müəllifi Filologiya Elmlər Doktoru Mahmut Sarıkayadır. Əsərə elmi rəy isə məşhur Türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb.
Kitabın ilk hissəsində Əliağa Vahidin həyat və yaradıcılığı barədə geniş məlumat verilmişdir. Dr. Mahmut Sarıkaya əvvəlcə Əliağa Vahidin yaşadığı dövrü və ictimai-siyasi şəraiti təhlil etmiş, sonra onun ədəbi şəxsiyyəti və əsərləri barədə məlumat vermişdir. Oxucu Əliağa Vahidin üslubu, rəsmi Azərbaycan dilindəki bəzi qaydalar yerinə bəzən Türkiyə Türkcəsinin qaydalarından istifadə etməsi məlumatlandırılmış, bu barədə tezislər misallar ilə izah edilmişdir. Kitabda Əliağa Vahidin qəzəllərinin Türkiyə Türkcəsinə uyğunlaşdırılması zamanı diqqət edilən məqamlar barədə məlumat da verilmişdir.
Kitabda Əliağa Vahid ilə bağlı son illərdə dərc olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də toxunulmuşdur. Dr. Mahmut Sarıkaya bu hissəni yazarkən Azərbaycanda, Türkiyədə və İranda Əliağa Vahid ilə bağlı dərc olunmuş əsərlərdən istifadə etmişdir.
Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan Türklərindəndir. Valideynləri Qərbi Azərbaycandan (indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb.