Yerli müğənnilərin yalan çıxan vədləri - siyahı

Şou-biznes nümayəndələri tez-tez gələcək planları ilə bağlı açıqlamalar verirlər. Amma onlar arasında əksəriyyəti planlarını gerçəkləşdirmir. İl ərzində söz verdikləri klip, konsert və ya hansısa böyük layihə sonradan unudulur...

Axşam.az ifaçıların söz versələr də, reallaşdırmadıqları vədlərini təqdim edir:

Müğənni Rəqsanə İsmayılovanın solo konsert verəcəyi ilə bağlı açıqlaması mediada səs-küy doğurmuşdu. İfaçı konsertdə xalq artisti Zeynəb Xanlarova ilə səhnəyə çıxacağını bildirmişdi. Qarşı tərəf isə bunun gerçək olmadığını açıqlamışdı. R.İsmayılova daha sonra konsertdə tək çıxış edəcəyini söyləmişdi. Həmin açıqlamadan 1 il ötsə də, Rəqsanənin konserti baş tutmayıb. Sənətçinin digər reallaşmayan layihəsi isə ATV-də yayımlanan "Göz önündə" verilişidir. 2015-ci ilin yazında verilişin cəmi 4 buraxılışı yayımlandı. R.İsmayılova proqramın bağlanması haqda bunları demişdi:

"Yay istirahətinə yollanırıq. Bütün yayı çəkilişlərimiz davam edəcək. Payızda yeni buraxılışlarımızla geri qayıdacağıq".

Buna baxmayaraq, hələ də proqram efirə getmir. Sənətçi eyni zamanda daha bir veriliş hazırladığını açıqlamışdı. O hətta ilk qonağının səhnədən uzaqlaşan müğənni Samir Bağırov olduğunu bildirmişdi.

Vədləri gerçəkləşməyən digər ifaçı isə  əməkdar artist Röya Ayxandır. Müğənni aparıcılıq edəcəyini bildirmişdi. "Röya şou" ATV-də yayımlanacaqdı. Verilişin anonsunun təqdim olunmasından bir ildən çox zaman keçsə də, hələ efirə getməyib.

Müğənni Kərim Abbasov sevənlərinə duet vədləri vermişdi. O, xalq artisti Aygün Kazımova və əməkdar artist Mətanət İsgəndərli ilə mahnı səsləndirəcəyini demişdi.

Xalq artisti Aygün Kazımova Gürcüstanda klip çəkdirirdi. "Bakı 2015" Avropa Oyunları zamanı məşəl daşıyanlardan biri olan müğənni klipinin çəkilişlərini yarımçıq qoyub Bakıya qayıtmışdı. A.Kazımova Avropa Oyunlarından sonra Gürcüstana qayıdıb klipi davam etdirəcəyini bildirmişdi. Hadisənin üstündən uzun müddət keçməsinə baxmayaraq, klip təqdim olunmayıb.

Müğənni Günay İbrahimli Heydər Əliyev Sarayında solo konsert verəcəyini demişdi. Konsert ötən ilin payızında gerçəkləşməli idi. Günay bu layihəsi üçün saçlarını qısa kəsdirəcəkdi. O, hətta Türkiyədə özü üçün geyimlər də hazırlatdırırdı.

Müğənni Xatirə İslam həmkarı Rüfət Axundovla duet şəklində oxuduqları "Küsmə" mahnısına Dubayda klip çəkdirəcəyini demişdi. Açıqlamanın üstündən 2 il keçsə də, ifaçılar hələ klip çəkdirməyib.

"O səs Türkiyə" layihəsində qalib olan Elnur Hüseynov da yenilikləri ilə bağlı xəbər vermişdi. O, Türkiyədə və Azərbaycanda albom çıxaracağını demişdi. Disklərdən birində yalnız ifaçının türk dilində olan mahnıları yer alacaqdı. Digər albom isə cazmen və pianoçu İsfar Sarabski ilə birgə layihələri olacaqdı.

Müğənni Elton Hüseynəliyev də yeni mahnılar haqqında açıqlama vermişdi. Bir müddət əvvəl isə sənətçi depressiyada olduğunu, yaradıcılığına ona görə ara verdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31