Polisə çağırıldığı deyilən Elnarə: "O telefon söhbətimiz yazılıb"
27 Yanvar 2016 12:20 MədəniyyətXanəndə Elnarə Abdullayevanın Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınması və sonradan sərbəst buraxılması barədə xəbərlər yayılıb. Əməkdar artistin polisə tanınmış vokal ifaçısı Ülvi Qılıncın şikayət ərizəsi əsasında çağırıldığı deyilir. Publika.az-ın Abşeron Rayon Polis İdarəsindən əldə etdiyi məlumata görə, Ülvi Qılınc Elnarənin onu təhqir etdiyini iddia edib. E.Abdullayeva isə haqqında yayılan xəbərlərə gülərək cavab verib: "Səhər tezdən məni qoymurlar yatmağa, hamı zəng edir ki, səni polisə niyə çağırıblar. Boş söhbətdir. Nə polisə getmişəm, nə də izahat yazmışam". Ülvi Qılıncla aralarında yaşanan insidentə gəlincə, sənətçi bunun səbəbini belə açıqlayıb: "Ay bacı, it ilində efirdə demişəm ki, oğluma sənətçi qız almaram. Ülvi də bunu əlində bayraq edib. Üstündən aylar keçib, efirə çıxıb deyir ki, niyə Elnarə müğənni xanımları təhqir edib, mən özüm də müğənni qızla evlənəcəkdim. Güya bunun qarşısını mən kəsmişəm. Qoymamışam müğənni xanımla evlənsin. Ay balam, get kimi istəyirsən al, mən Lenin, Engels deyiləm ki, sözüm aksiom kimi qəbul olunsun. Efirdə onun bu sözünü eşidəndən sonra özünə zəng etdim, dedim ki, səni ağrıdan nədir ki, it ilində dediyim sözləri indi yada salırsan. Get kimi istəyirsən al, mənə nə dəxli var. Sənin nəyinə lazımdır mənim müğənni xanımlarla bağlı fikrim. O da xəbər yayıb ki, guya onu telefonda hədələmişəm, ölümlə təhdid etmişəm. Özü özünə quyu qazıb. O telefon söhbətimiz yazılıb. Sübut olunanda ki, ona heç nə deməmişəm, dövləti aldatdığına görə cəza alacaq. Mənə qalanda, lazım olsa, polisə də gedərəm, izahat da yazaram".