Ülvi Qılınc Elnarə Abdullayevanı polisə şikayət etməsini təsdiqlədi
27 Yanvar 2016 11:35 MədəniyyətƏməkdar artist Elnarə Abdullayeva ötən gün Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınıb və sərbəst buraxılıb. Xanəndəni polisə tanınmış vokal ifaçısı Ülvi Qılıcın şikayət ərizəsi əsasında çağırılıb. Məsələ ilə əlaqədar olaraq hər iki tərəflə əlaqə saxladıq. SİA-ya açıqlama verən xanəndənin vəkili Gülnar Nəzərli xəbəri təkzib etdi və E.Abdullayevanın polis bölməsinə çağırılmadığını bildirdi: "Elnarə Abdullayeva rəsmçi şəkildə heç bir yerə dəvət olunmayıb. Əgər polis bölməsinə çağrılarsa, qanun çərçivəsində qarşılıqlı addım atılacaq".
Daha sonra Ülvi Qılıncın özü ilə əlaqə saxladıq. O, əməkdaşıma açıqlamasında bunları dedi: "Verilişlərin birində qonaq idim. Söhbət əsnasında Elnarə Abdullayevanı əməkdar artist fəxri adı alması münasibətilə təbrik etdim. Dedim, mən tez-tez eşidirəm ki, Elnarə şou-biznesdən oğluna qız ala bilməyəcəyini bildirir. Amma burada hər kəs bir evin anasıdır, bacısıdır. Əgər kiminsə nöqsanı varsa, şəxsən desin ki, filan müğənnini oğluma almaram. Aparıcı sual verdi ki, görəsən, bunun səbəbi nədir? Cavab verdim ki, sənət aləmində hər insanın travması var. Ümumiyyətlə, hər birimizdə uşaqlıq travması olub və var. İnsan yıxılır, qolu əzilir, travma alır. Əgər bu belə pis sözdürsə, niyə xəstəxanaların travmatologiya şöbəsi var? Qısası, bu, insanın yaddaşına həkk olunan bir ağrı deməkdir. Verilişdən sonra gördüm ki, tanımadığım nömrədən zəng gəldi. Cavab verdim, dedi ki, Elnarə Abdullayevayam, sən niyə deyirsən ki, mən travma almışam? Dedim, məgər, bu söz təhqirdir? Ardınca qayıtdı ki, sən bilirsən, mən kiməm, arxamda kimlər durub, sənin başını kəsdirərəm?! Sonra başladı anamı, bacımı söyməyə. Mənə deyir ki, sən gözünlə görənsən. Bilmirəm, Elnarə Abdullayeva mənim gözümlə gördüyümü, ailəmin əxlaqsız olduğunu harada görüb? Sonra başladı ölülərimi söyməyə və yenə dedi ki, sən bilirsən, mənim arxamda kimlər durub? Ondan sonra telefonu bir kişiyə verdi. Kişi dedi ki, indi rayondan gəlirəm, sən haradasan? Dedim, əgər sözünüz varsa, məhkəməyə, polisə müraciət edin. Kişi də qışqıra-qışqıra dedi ki, sənin başını kəsərəm, bilirsənmi arxamızda kimlər durub? Amma ad çəkmirdi. Sonra məni Yasamala çağırdılar. Gördüm bunlar əl çəkmirlər, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurdum. Məgər bu dövlət başsızdır, yiyəsi yoxdur ki, Elnarə Abdullayeva kiminsə başını kəsdirir? Ümumiyyətlə, bu kimdir ki? Bu gün daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova məktubla müraciət etmişəm. Məqsədim odur ki, bu qadının arxasında kimlərin dayandığı araşdırılsın. Bundan sonra mənim başıma nəsə gəlsə, bütün məsuliyyəti Elnarə Abdullayeva və həmin kişi daşıyır. Daxili işlər orqanlarına təşəkkürümü bildirirəm. Müraciətimə operativ reaksiya verildi və o, polis orqanlarına dəvət olundu. Əvvəlcə gələ bilməyəcəyini desə də, sonradan təkidlə polisə gətirildi. Gətirib polisdə izahatını aldılar. Bu məsələnin arxasınca axıra kimi gedəcəyəm. Elnarə Abdullayeva da dediyi sözün arxasında durmalıdır. Polis bölməsinə çağrıldığını vəkili təkzib etsə də ancaq doğrudur".