Mehriban Xanlarova Kərimin üzrünü qəbul etmədi: "1 milyon ödəyəcək"

Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasındakı qalmaqal daha da şiddətlənib. Axşam.az-ın məlumatına görə, ifaçının bir neçə gün əvvəl sosial şəbəkədə aktrisanın fotosunu paylaşaraq, onu tənqid etməsi qarşı tərəfi özündən çıxarıb. M.Xanlarova əməkdaşımızla söhbətində K.Abbasovun məhkəmədəki üzrünü qəbul etmədiyini bildirib:

"Sabah saat 5-də məhkəmə olacaq və son qərar veriləcək. Bir neçə gün əvvəl məhkəmə oldu, Kərim məndən 4-5 dəfə üzr istədi. Hakimə dedim ki, bağışlamıram. Çıxandan sonra fotonu paylaşıb. Bundan sonra heç bağışlamayacam. İnsanların mənim ünvanıma yazdıqları təhqirləri və Kərimin paylaşımını çıxardıb, məhkəməyə təqdim etmişəm. Bu təhqirlərə də o yol verib. Deyir, "Mən İnstaqram işlətmirəm, köməkçim edib". İşçisi də buna görə məsuliyyət daşıyır. İkisinə də 1 milyon manat təzminat qoymuşam. Eyni zamanda İnstaqramda və saytlarda rəsmi şəkildə məndən üzr istəyəcək, bir daha mənlə bağlı paylaşım etməyəcək".

Qeyd edək ki, K.Abbasov M.Xanlarova ilə bağlı bu sözləri yazıb:

"Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr istəyirəm.  Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar düşür".

Aktrisa ilə müğənni arasındakı qalmaqal "Maşın" şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31